“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 19-cu turunda “Qəbələ” üzərində qazanılan minimal qələbəni (1:0) şərh edib. Təcrübəli mütəxəssis həm oyunun gedişatı, həm də komandanın yeni transferi və qarşıdakı oyunlar barədə maraqlı açıqlamalar verib.
Vernidub komandasının iki fərqli hissə nümayiş etdirdiyini bildirib. O, erkən qoldan sonra futbolçuların ehtiyatlı davrandığını vurğulayıb: “Birinci hissədə çox yaxşı oynadıq. Hesabı açdıq, ikinci qolu vurmaq üçün şanslarımız oldu. Rəqibə heç bir imkan vermədik. Lakin ikinci hissədə tempi qoruya bilmədik. Hesab edirəm ki, bu, psixoloji məqamdır. Komanda uzun müddət idi doğma meydanda qalib gələ bilmirdi. Üstünlük qazandığımız üçün futbolçular şüuraltı olaraq müdafiəyə meyil etdilər. Bu, bizim görmək istədiyimiz futbol deyil, daha keyfiyyətli oyun gözləyirdik. Lakin bu gün əsas hədəf qalib gəlmək idi, oyun yaddaşlardan silinsə də, nəticə qalır”.
Mətbuatda yayılan, Vernidubun “Qarabağ”la matçın təxirə salınmasına qarşı çıxması barədə xəbərlərə məşqçi belə reaksiya verib: “Bu, hansı mediada yazılıb? Müəllif kimdir? Mənim üçün fərqi yoxdur – oynamaq lazım olsa, oynayacağıq, təxirə salınsa, oynamayacağıq. Liqada 12 komanda var və hər birinə eyni cür yanaşıram. Rəqibin “Qarabağ”, “Sumqayıt” və ya “Kəpəz” olmasının əhəmiyyəti yoxdur. Qarşımda duran vəzifə hər oyunda qələbə qazanmaqdır”.
Hakim idarəçiliyinə toxunan baş məşqçi, qərəz görmədiyini, lakin bəzi qərarlarla razılaşmadığını bildirib. Daha sonra isə komandaya yeni qoşulan Breno Almeyda haqqında danışıb: “Skayt xidmətimiz onu uzun müddət izləyib. Həm sürəti, həm də texnikası ilə üslubumuza uyğun oyunçudur. Almeyda hücumun həm cinahlarında, həm də mərkəzində oynaya bilir. Sabahdan məşqlərə başlayacaq. Lakin onu birbaşa meydana sürmək risklidir. Adaptasiya üçün vaxt lazımdır, yəqin ki, bir həftəyə hazır olar”.