Çempionlar Liqasının əsas mərhələsində İki oyundan sonra maksimum xalla liderlər qrupunda möhkəmlənən “Qarabağ” üçün tarixi fürsət yaranıb. Ağdam klubunun geridə qalan 6 rəqibindən ikisi hazırda elə də yaxşı formada deyil və ÇL-in autsayderləri sırasındadır. “Ayaks” və “Atletik” sıfır xala malik olmaqla yanaşı, böyük hesablı məğlubiyyətlərlə diqqət çəkib. Bilbao klubu sentyabrın 13-dən bəri keçirdiyi 8 oyundan 7-ni uduzub, yalnız birində heç-heçə edib. Bu oyunlardan ikisi ÇL-in payına düşür. Dortmunddakı darmadağın da baskların yaxşı vəziyyətdə olmadığını təsdiqlədi. “Ayaks”ın adı əzəmətli səslənsə də, bu mövsüm ÇL-də çox zəif təsir bağışlayır: İki oyuna 6 top buraxıb və bir dəfə belə fərqlənməyib. Erediviziyada “Ayaks”ın işləri ortababdır. Komanda 3-cü yerdə olsa da, bu, Amsterdam klubu üçün sonuncu yer kimi bir şeydir. Çünki, klub iki əsas rəqibi – PSV və “Feyenoord”u özündən irəli buraxıb. Bir sözlə, Qurban Qurbanov “Qarabağ”da axsayan yerləri qaydasına sala bilsə, bu komandalardan da xal almaq mümkündür. O zaman ağdamlılar potensial xal itkisi olan “Liverpul”, “Çelsi”, “Napoli”, “Ayntraxt” matçlarına daha rahat çıxa bilər.
