Bldiyiniz kimi «Qarabağ»ın Çempionlar Liqasının əsas mərhələsində 4 oyunu qalıb. «Köhlən atlar» noyabrın 25-də səfərdə «Napoli», dekabrın 10-da evdə «Ayaks»la qarşılaşacaq. Son iki oyununu isə yanvarda keçirəcək. Əvvəl evdə «Ayntraxt»la, daha sonra səfərdə «Liverpul»la qarşılaşacaq.
Maraqlıdır ki, bu həftə «Qarabağ»ın rəqiblərində yalnız «Ayntraxt» xal qazana bildi. Bu günlərdə baş məşqçi Con Heytinqlə yollarını ayıran «Ayaks» Erediviziyanın 12-ci turunda səfərdə «Utrext»ə minimal fərqlə uduzdu – 1:2. Topa sahib olmaqda üstünlük amsterdamlıların tərəfində olsa da, onlar təhlükəli vəziyyətlərin sayına görə meydan sahiblərindən geri qalırdılar. Bu, ilk yarının sonunda tabloda öz əksini tapdı. Birinci hissənin sonunda Mattis Didden ev sahibləri hesabda irəli çıxardı. Daha sonra 2021-ci ildə rekord məbləğə «Ayaks»dan «Utrext»ə keçən Sebastyan Aller sabiq komandasının qapısına ikinci topu vurdu. Oyunun gedişində iki dəfə qol şansını boşa verən Mika Qodts hesadakı fərqi minimuma endirsə də, amsterdamlıların bundan artığına gücü çatmadı. Niderland çempionatında 12 oyuna 20 xal toplayan «Ayaks” dördüncü yeri tutur və lider PSV-dən 11 xal geri qalır.
A seriyasında 22 xalla «Milan» və «Roma» ilə liderliyi bölüşən «Napoli» 11-ci turda səfərdə «Bolonya»ya uduzdu – 0:2. Meydan sahiblərinin qələbəsi çoxları üçün gözlənilməz oldu. Belə ki, «Milan» «Parma» ilə səfərdə heç-heçə oynadıqdan sonra neapollulara turnir cədvəlində liderliyi əla almaq üçün gözəl imkan yaranmışdı. Ancaq onlar bu şanslarını boşa verdilər.
ÇL-in əsas mərhələsində Ağdam klubunun sonuncu rəqibi olacaq «Liverpul» səfərdə «Mançester Siti»yə böyük hesabla (0:3) məğlub oldu. Bu “şəhərlilər”in son üç mövsümdə “Liverpul” üzərində ilk qələbəsi idi. Çətin günlərini yaşayan Arne Slotun komandası bütün turnirlərdə keçirdiyi son 10 oyunun 7-də uduzub. Premyer-liqada isə “qırmızılar” son 6 görüşün 5-də məğlub olub və yalnız 1-də qələbə qazanıblar. İngiltərə çempionatında 11 oyundan sonra hesabına 18 xal yazan «Liverpul” 8-ci yeri tutur və lider «Arsenal»dan 8 xal geri qalır.
Yeri gəlmişkən, bu qarşılaşma «Mançester Siti»nin çalışdırıcısı Pep Qvardiolanın məşqçilik karyerasında 1000-ci oyunu idi. 54 yaşlı Qvardiolanın çalışdırdığı komandalar bu oyunların 716-da qələbə qazanıb, 128-də uduzu, 156-da heç-heçə oynayıb və 40 böyük turnirin qalibi olub.
“Qarabağ”ın rəqiblərindən ən son meydana çıxan “Ayntraxt” oldu. Öz meydanında Bundesliqanın autsayderlərindən olan “Maynts”ı qəbul edən Dino Toppmöllerin komandası minimal hesablı qələbə qazandı. Matçın taleyini həll edən yeganə qolu frankfurtluların yaponiyalı yarımmüdafiəçisi Ritsu Doan vurdu.
Bundesliqada 10 oyuna 17 xal toplayan « Ayntraxt” yeddinci yeri tutur və lider “Bavariya”dan 11 xal geri qalır.