“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Liverpul” mövsümün startında yalnız çempionluğu xəyal etsə də, durumu gündən-günə pisləşir. “Qırmızılar” Premyer Liqada keçirdiyi son 7 oyunun 6-da uduzaraq 11-ci yerə yuvarlanıb. Arne Slotun yetirmələri “Nottingem Forest”lə (0:3) oyunda İngiltərə çempionatında ardıcıl ikinci böyük hesablı məğlubiyyətini alıb. Komanda bundan əvvəl səfərdə “Mançester Siti”yə eyni hesabla uduzmuşdu. “Liverpul” 60 ildən sonra ilk dəfə ölkə çempionatında ardıcıl iki oyunda böyük hesabla uduzur. Belə hadisə sonuncu dəfə 1965-ci ildə baş verib.
Komandanın holland məşqçisi Slot məsuliyyəti üzərinə götürüb: “Bu, böyük bir məyusluqdur və məsuliyyət mənim üzərimə düşür. Komandamız ilk yarım saatda yaxşı oynadı, buraxılan topdan sonra qol şansları yaratmaq çətinləşdi. Oyunçularımız qol vurmağa üçün sonadək çalışdılar. Mən onları buna görə günahlandıra bilmərəm”.