“Qarabağ” 8 il sonra yenidən Çempionlar Liqasının əsas mərhələsindədir. Bu, Azərbaycan futbolu üçün böyük hadisə sayılsa da, reallıq çox vaxt gözləntilərlə üst-üstə düşmür. Qurban Qurbanovun komandası sabah Lissabonda “Benfika” qarşısına çıxacaq və bu oyun həm komandanın, həm də ümumilikdə Azərbaycan futbolunun real gücünü göstərəcək.
Xatırladaq ki, 2017/18 mövsümündə “Qarabağ” Azərbaycan tarixində ilk dəfə olaraq qruplara çıxmağı bacarmış, lakin 6 oyunda qələbə qazana bilməmişdi. “Atletiko”ya qarşı 2 heç-heçə tarixi nəticə olsa da, ümumilikdə 14 qol buraxaraq qrupda sonuncu pillədə qərarlaşmışdılar. O vaxtdan bu yana komanda Avroliqada müəyyən uğurlar qazansa da, ÇL səviyyəsində hələ də ciddi söz sahibi olmadığını göstərib.
Hazırkı mövsüm “Qarabağ” daxili arenada inamlı təsir bağışlamır – hücumda məhsuldarlıq aşağı, müdafiədə isə tez-tez boşluqlar görünür. Təsadüfi deyil ki, Azərbaycan Premyer Liqasında 3 oyuna cəmi 4 xal toplamış “köhlən atlar” hazırda turnir cədvəlində 7-ci pillədədirlər.
ÇL-ə gedən yolda pley-off mərhələsində “Ferensvaroş” üzərində çətin qələbəyə sevinsək də, püşkatmadan sonrakı rəqiblərin tamam başqa səviyyədə olması bizi bir az da düşündürməyə vadar edir.
Sabah “Qarabağ”ı “Estadio da Luj”da çətin sınaq gözləyir. Əsas sual budur: “Qarabağ” sabah meydanda rəqibə qarşı dirəniş göstərəcək, yoxsa Lissabon gecəsi Azərbaycan futbolu üçün acı reallığı üzə çıxaracaq?