Hələ bu oyundan əvvəl «Neftçi» ilə oyunu təxirə salınması ilə bağları isterika və Quba stadionunun vəziyyəti barədə Qurban Qurbanovun üsyanı əslində “Qarabağ”ın düşərgəsinə hakim olan təşvişdən xəbər verirdi. Qubadakı stadionun vəziyyəti və Premyer Liqanın təqvimi ilə çoxdan tanış olan Qurbanovun birdən-birə üsyankar çıxışını çoxları həyəcan siqnalı kimi qəbul etmədi. Amma görünən o idi ki, Qurbanov “Nyukasl”la oyundan yaxşı heç nə gözləmirdi və üfüqdə görünən uğursuzluq üçün bəhanələr axtarırdı. Bu matçda məğlubiyyət təbii ki, uğursuzluq sayılmazdı. Hər halda ağlı başında olan heç kim “Qarabağ”ın ingilis klubunu məğlub edəcəyini gözləməzdi. “Sağsağanlar”la oyunda uğursuzluq biabırçı məğlubiyyət ola bilərdi. Oyunun ilk yarısında qorxduğumuz başımıza gəldi. “Qarabağ” ingilislərin basqısı qarşısında o qədər aciz idi ki, hətta ilk yarıda faciəvi nəticənin qaçılmaz olduğunu düşünmək olardı. Birinci hissədə ağdamlılar bir dəfə də olsun qapıya zərbə vura bilmədi. Qurbanovun komandası çox acınacaqlı təəssürat bağışladı və fasilədə bizə hesabın daha biabırçı olmaması üçün dua etmək qalırdı. Ya azarkeşlərin duaları işlədi, ya “Nyukasl” gücünü qorumaq qərarına gəldi, ikinci hissənin əvvəlində “Qarabağ” hələ nəfəs aldığını göstərdi və hətta qol da vurdu. Amma ingilislər tezliklə qol fərqini yenidən beşə qaldıraraq oyunu rahatca başa vurdular. İndi bizə bir həftə ərzində yenidən dua etmək qalır ki, Nyukaslda abırlı hesabla uduzaq.
Çempionlar Liqası, Pley-off, ilk oyun
”Qarabağ” – “Nyukasl” 1:6
Qarabağ: Koxalski, Mateus Silva, Mustafazadə (Dani Bolt, 22), Medina, Cəfərquliyev, Bikalyo, Yankoviç, Andrade (Quseynov, 46), Montiel (Addai, 85), Zubir (Kadi, 85), Duran (Qurbanlı, 88).
Nyukasl: Poup, Trippier, Tiav, Bern, Holl, Tonali, Voltemade, Uillok (Remzi, 68), Elanqa (Osula, 68), Barns (Niv, 87), Qordon (Mörfi, 68)
Qolar: Cəfərquliyev, 55 – Qordon, 3; 32-p; 34; 45+1-p. Tiav, 8. Mörfi, 72.