Oyuna ikinci heyətlə çıxan London klubu bu qarşılaşmanı güc sərf etmədən 3 xalla başa vurmağı planlaşdırırdı. “Çelsi”nin baş məqçisi də bir neçə gün sonra oynayacaqları İngiltərə çempionatının oyunu barədə düşündüyünü gizlətmirdi. Elə oyunun əvvəli də “Qarabağ” üçün asan olmayacağını göstərdi. Meydan sahiblərində xüsusi həyəcan olmasa da, fiziki cəhətdən rəqibdən geri qalırdı. Bunu hiss edən qonaqlar hesabı açdıqdan sonra arxayınlaşdı və “Qarabağ” bu səhvi bağışlamadı. 30-cu dəqiqədə Andrade hesabı bərabərləşdirdi. Az sonra ağdamlıların daha bir hücumu qolla nəticələndi. Bu dəfə hakim əllə oyuna görə penalti təyin etdi və “Qarabağ”ın heyətində ən yaxşılardan olan Yankoviç zərbəni dəqiq yerinə yetirdi. Yalnız bundan sonra “zadəganlar” “Qarabağ”la zarafatın yersiz və bu komandaya qarşı bir ayaqla oynamağın təhlükəli olduğunu anladı. Elə bu səbəbdən də qonaqların baş məqçisi Entso Mareska fasilədə Delap, Qarnaço və Entso Fernandesi döyüşə atdı. Bu gediş tezliklə özünü doğrultdu. Qarnaço ustalığı sayəsində hesabı bərabərləşdirdi. Oyunun qalan hissəsi “Çelsi”nin böyük təzyiqi ilə keçsə də, meydan sahibləri hesabı qoruya bildi. Bununla da “Çelsi” ilə heç-heçə turun sensasiyalarından biri oldu.
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
“Qarabağ” – “Çelsi” 2:2
Baş hakim: Sebastyan Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: Koxalski, Cəfərquliyev (Dani Bolt, 75), Mateus, Medina, Mustafazadə, Andrade (Bayramov, 61), Zubir (Kaşuk, 75), Kadi (Addai, 31), Bikalyo, Yankoviç, Duran (Axundzadə, 61).
“Çelsi”: Robert Sançes, Kukurella, Hato, Adarabioyo, Riis Xames, Andrey Santos (Entso Fernandes, 46), Lavia (Kaysedo, 8), Estevao, Joao Pedro (Fakundo, 71), Gittens (Qarnaço, 46), Tayrik Cons (Delap, 46).
Qollar: Estevao, 17 (0:1), Leandro Andrade, 29 (1:1), Marko Yankoviç, 39-pen. (2:1), Alexandro Qarnaç, 53 (2:2).

