Futbol dünyası 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatını gözləyərkən, turnirin iştirakçı siyahısı həm rəngarəngliyi, həm də debütantları ilə diqqət çəkir. Tarixində ilk dəfə bu möhtəşəm səhnəyə çıxacaq dörd ölkə — Kabo-Verde, Kürasao, İordaniya və Özbəkistan futbolun “elita klubuna” daxil olmağa hazırlaşır.
Debütantların rəqibləri: kimin bəxti gətirib?
Püşkatma nəticəsində debütantların qrupları müəyyənləşib və görünən odur ki, onların hər birini çətin qarşılaşmalar gözləyir.
Kabo-Verde (H qrupu): Afrika təmsilçisi İspaniya və Uruqvay kimi dünya nəhəngləri ilə yanaşı, iddialı Səudiyyə Ərəbistanına qarşı mübarizə aparacaq.
Kürasao (E qrupu): Cənubi Amerika ruhunu daşıyan bu komanda Almaniya maşını, Ekvadorun sürəti və Kot-d’İvuarın gücü ilə üz-üzə gələcək.
İordaniya (J qrupu): Asiya təmsilçisini son çempion Argentina, nizamlı Avstriya və Əlcəzair sınağı gözləyir.
Özbəkistan (K qrupu): Qardaş ölkə Portuqaliya, Kolumbiya və DR Konqo ilə eyni qrupda yer alaraq pley-off şansını sınayacaq.
Maraqlı Fakt: Konqo Demokratik Respublikasını da şərti debütant saymaq olar. Baxmayaraq ki, bu ölkə 1974-cü ildə dünya çempionatında iştirak edib, lakin o zaman xəritədə Zair adı ilə təmsil olunurdu. Bu gün FİFA və statistika mütəxəssisləri Zairin uğurlarını DR Konqonun tarixinə yazırlar, çünki bu, eyni ölkənin varisidir. Lakin rəsmi ad fərqli olduğu üçün bəzi mənbələr bunu fərqli dövrlər kimi qeyd edirlər.
Meydandakı güc və bazardakı qiymət: 101 dəfə fərq!
Müasir futbolun iqtisadi tərəfi debütantlar üçün bir qədər amansız görünür. Transfermarkt-ın son məlumatlarına görə, turnirin ən aşağı transfer dəyərinə malik komandası 15.98 milyon avro ilə İordaniyadır.
Müqayisə üçün qeyd edək ki, turnirin ən bahalı komandası olan İngiltərə millisinin dəyəri 1.62 milyard avrodur. Bu isə o deməkdir ki, İngiltərə millisi İordaniyadan düz 101 dəfə baha qiymətə malikdir.
Digər debütantların bazar dəyəri:
DR Konqo: 153.40 milyon €
Özbəkistan: 63.75 milyon €
Kabo-Verde: 45.15 milyon €
Kürasao: 28.38 milyon €
Futbol təkcə rəqəmlərdən və milyonlardan ibarət deyil. Bu debütantlar sübut etməyə çalışacaqlar ki, meydanda büdcələr deyil, xarakter və komanda ruhu oynayır. 2026-cı il həm də bu “kiçik” ölkələrin futbol dünyasında “böyük” sürprizlər edib-etməyəcəyini göstərəcək.