“Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhen, uşaqlıq dostuna göstərdiyi köməkdən sonra üzləşdiyi nankorluq barədə danışıb. Nigeriyalı futbolçunun “etinasızlıq” və “hədsiz tələblər” haqqındakı açıqlamaları sosial mediada geniş rezonans doğurub.
Osimhen bildirib ki, keçmişdə uşaqlıq dostuna mütəmadi olaraq maddi dəstək göstərib. Bir gün dostu biznes qurmaq üçün ondan kömək istəyib. Futbolçu bu xahişə cavab olaraq ona 5 min avro göndərib, ancaq aldığı cavab onu şoka salıb: “Dostum mənə dedi ki, xəbərlərdə həftəlik 1 milyon avro qazandığımı oxuyub, ona görə də məndən ən azı 50 min avro gözləyirmiş. Bu sözlər məni çox qəzəbləndirdi. Hətta göndərdiyim pulu geri istəmək barədə düşündüm, amma artıq gec idi“.
Osimhen 5 min avronun dəyərini müqayisə edərək, bu məbləğin Nigeriya üçün nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayıb: “Avropada 5 min avro bəlkə də yalnız bir cüt bahalı ayaqqabıya kifayət edər, ancaq Nigeriyada bu, biznes qurmaq üçün çox ciddi məbləğdir“.
Ulduz futbolçu Avropaya gəlməzdən əvvəl çəkdiyi çətinlikləri xatırladaraq, insanların göstərilən köməyin qədrini bilməli olduğunu deyib: “Avropaya gəlməzdən əvvəl mənə 1 dollar belə göndəən olmayıb. Mən küçələrdə gecə-gündüz su satmaqla pul qazanırdım. İnsanlar yardımın həcmindən asılı olmayaraq, təşəkkür etməyi və minnətdar olmağı bacarmalıdır. “Mən buna layiqəm, daha çoxunu gözləyirəm” məntiqi tamamilə yanlışdır”.