Danimarka futbolunda əsl sensasiya yaşanıb. “Orhus” (AGF) klubu düz 40 ildən sonra ölkə çempionu tituluna qovuşaraq azarkeşlərinə tarixi bir qələbə bəxş edib.
Danimarka Superliqasının 31-ci turunda “Bröndbü” üzərində qazanılan 2:0 hesablı qələbə “Orhus”un çempionluğunu rəsmiləşdirib. Sonuncu dəfə 1986-cı ildə qızıl medallara sahib çıxan komanda üçün bu zəfər, onilliklər boyu davam edən böyük gözləntinin sonu oldu.
1880-ci ildə yaradılan və Danimarkanın ikinci böyük şəhərini təmsil edən bu köklü klub, ötən 40 il ərzində bir çox çətin sınaqlardan keçib. Hətta 20 il öncə elitadan düşmə acısını yaşayan “ağ-göylər”, 2015-ci ildə yenidən Superliqaya qayıdaraq dirçəliş dövrünə qədəm qoymuşdular. 2016 və 2024-cü illərdə ölkə kubokunun finalına yüksəlsələr də, hər iki halda həlledici addımı ata bilməmişdilər.
2025/2026 mövsümü Danimarka futbolu üçün dönüş nöqtəsi oldu. Son 12 il ərzində ölkə futbolunda “Kopenhagen”, “Midtüllann” və “Bröndbü” üçlüyünün mütləq hegemonluğu hökm sürürdü (ən son 2014-cü ildə “Alborq” bu sıranı poza bilmişdi). Cari mövsümdə “Qarabağ”ın ÇL-in əsas mərhələsində rəqibi olan “Kopenhagen”in uğursuz çıxışı və çempionluq qrupuna düşə bilməməsi digər iddialılar üçün yol açdı.
Turnir cədvəlində gərginlik son tura qədər davam edirdi. 31-ci tura qədər “Orhus” və “Midtüllann” zirvəni bölüşür, onları cəmi 2 xal ayırırdı. Lakin “Midtüllann”ın “Norşellan”la oyunda xal itirməsi (0:0), “Orhus”a tarixi fürsət qazandırdı. Bu şansı əldən verməyən Orhus təmsilçisi, “Bröndbü” səddini inamla keçərək adını Danimarka futbolunun tarixinə qızıl hərflərlə yazdırdı.