DÇ-2026-nın final mərhələsinə vəsiqə qazandıran Kürasao yığmasının baş məşqçisi, niderlandlı mütəxəssis Dik Advokatın gedişindən sonra mundiala hazırlaşan daha bir komandada istefa qeydə alınıb. Xatırladaq ki, 78 yaşlı Advokat qızının səhhətində yaranan problemlər səbəbindən işini vaxtından əvvəl yekunlaşdırmaq məcburiyyətində qalmışdı.
“RMC Sport” jurnalistlərinin yaydığı son məlumata görə, Valid Reqraqi də Mərakeş yığması ilə yollarını ayırıb. Hazırda tərəflər əməkdaşlığın vaxtından əvvəl dayandırılması şərtləri üzərində müzakirələr aparırlar. 50 yaşlı mütəxəssisin karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcəyi gözlənilir. Oradakı bir neçə klubun onun xidmətində maraqlı olduğu bildirilir.
Şimali Amerikada (ABŞ, Meksika və Kanada) keçiriləcək DÇ-2026-nın qrup mərhələsində Mərakeş millisi Braziliya, Haiti və Şotlandiya komandalarına qarşı mübarizə aparacaq.