“Çelsi”nin 70 milyon avroluq transferi, ukraynalı vinger Mixail Mudrik yenidən gündəmə gəlib. Lakin bu dəfə söhbət onun meydandakı performansından deyil, həm hüquqi müstəvidəki mübarizəsindən, həm də keçmişdəki qalmaqallı çıxışlarından gedir.
Xatırladaq ki, 2024-cü ilin dekabrında 25 yaşlı futbolçunun dopinq testi müsbət nəticələnmiş və onun orqanizmində qadağan olunmuş meldonium maddəsi aşkar edilmişdi. İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən dərhal diskvalifikasiya edilən və 4 ilə qədər futboldan uzaqlaşdırılma riski ilə üzləşən Mudrik, nəhayət, susqunluğunu pozub.
Ulduz futbolçu özünü təmizə çıxarmaq üçün radikal bir addım ataraq Ukrayna Futbol Federasiyasını məhkəməyə verib. Mudrikin iddiasına görə, baş verənlərdə əsas günahkar Ukrayna millisinin fizioterapevti İqor Porobıdır. İddia olunur ki, qadağan olunmuş maddə vingerin orqanizminə milli komandanın təlim-məşq toplanışı zamanı, heyvan kök hüceyrələrinin inyeksiyası vasitəsilə daxil olub.
Mudrikin adı təkcə dopinqlə deyil, həm də beynəlxalq münasibətlərdə gərginlik yaradan açıqlamaları ilə yadda qalıb. 2025-ci ilin fevralında o, polşalı azarkeşlərə qarşı işlətdiyi təhqiramiz ifadələrlə böyük bir qalmaqalın mərkəzinə düşmüşdü.
Futbolçu onlayn oyun platformalarından birində Polşa tarixinə və “Volın qırğını” hadisələrinə toxunaraq: “Növbəti xəritədə sizə Volını yaşadacağıq”, “Siz Volını heç vaxt unutmayacaqsınız, dilənçilər” kimi ifadələr işlətməklə kütləvi etirazlara səbəb olmuşdu.
Bu insidentdən sonrakı müsahibəsində Mudrik geri addım atmayaraq, davranışını bu cür əsaslandırmışdı: “Polşalılar özləri təxribatlara əl atmağı bacarsalar da, onlara real tarixi xatırladanda nədənsə çox qıcıqlanırlar”.
Hazırda dünya futbol ictimaiyyəti Mudrikin həm məhkəmə prosesinin nəticəsini, həm də bu qədər ağır ittihamlar və qalmaqallar fonunda karyerasını necə xilas edəcəyini maraqla gözləyir.