Sport.es nəşrinin iddiasına görə, əfsanəvi argentinalı «İnter Mayami» ilə müqaviləsi başa çatdıqdan sonra (31 dekabr 2028-ci il) Kataloniya paytaxtına qayıtmaqda israrlıdır. Messi ailəsi artıq ortaq məxrəcə gəlib: yaşamaq üçün ən ideal məkan Leonun hələ də mülkünün olduğu doğma Barselonadır.
Hazırda Messinin “Barselona” rəhbərliyindəki fəaliyyəti ilə bağlı məsələlər “pauza”dadır. O, klubda baş verənləri yaxından izləsə də, hələlik proseslərə birbaşa müdaxilə etmir. Maraqlıdır ki, martın 15-nə təyin olunan prezident seçkilərində Leo hələ də heç bir namizədi dəstəkləməyib. Üstəlik, o, klub üzvü (sosi) kimi səsvermədə də iştirak edə bilməyəcək, çünki həmin gün «İnter Mayami»nin heyətində meydanda olacaq.
Messi seçkilərin nəticəsini gözləyir və klubun başına yaxın münasibətdə ola biləcəyi bir rəhbərin keçməsini ümid edir. Joan Laporta isə həmin şəxslərdən deyil. Xatırladaq ki, 2021-ci ilin yayında verdiyi vədi tutmayan Laporta, faktiki olaraq əfsanəvi futbolçunu komandadan getməyə məcbur etmişdi.
Hər şey plana uyğun getsə, Messi 2029-cu ildə yenidən “göy-qırmızılar”ın uğurları üçün çalışacaq. Onun ilkin planı etibar etdiyi prezidentin komandasında idman idarəçiliyi sahəsində yer almaqdır.
Leo hələlik karyerasını yüksək notda bitirməyə, xüsusən də Argentina millisi ilə DÇ-2026-da uğur qazanmağa köklənib.