“The Sun” nəşrinin yaydığı məlumata görə, “Mançester Siti” “Çelsi”nin portuqaliyalı vingeri Pedro Netunu heyətinə qatmaq niyyətindədir. “Mançester dumanlığı” təmsilçisinin bu transfer üçün təxminən 85 milyon dollar ödəməyə hazır olduğu bildirilir.
“Çelsi”nin hücum xəttini yeni futbolçularla gücləndirməsindən sonra Netunun London klubundan ayrılması ehtimalı artıb. Morgan Rocers və Geovani Kvenda kimi hədəflərdən istədiyini ala bilməyən Mançester təmsilçisi diqqətini məhz portuqaliyalı ulduza yönəldib.
25 yaşlı futbolçu ilə ilk növbədə Rafael Leaonun əvəzləyicisini axtaran “Milan” maraqlanır. Lakin İtaliya klubu bu keçid üçün Leaonun komandadan gedişini rəsmiləşdirməlidir. Səudiyyə Ərəbistanı klubları da Netunu diqqətdə saxlasa da, oyunçunun özü Yaxın Şərqə köçməyə isti baxmır.
Yaxınlarda Elliot Andersona 140 milyon dollar xərcləməsinə baxmayaraq, “Mançester Siti”nin maliyyə imkanları bu transferi reallaşdırmağa tam imkan verir. “Çelsi” isə aparıcı üzvünü asanlıqla buraxmaq istəmədiyi üçün onun qiymətini 85 milyon dollar civarında müəyyənləşdirib.
Pedro Netu ötən mövsüm “Çelsi”nin heyətində çıxış etdiyi 54 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.