Əfsanəvi məşqçi Mirça Luçesku səhhətində yaranan problemlər səbəbindən yenidən xəstəxanaya yerləşdirildiyini bildirib. Bu barədə “ProSport” nəşri məlumat yayıb.
80 yaşlı mütəxəssisin bədən hərarəti ötən gün kəskin şəkildə yüksəlib. Fəsadların qarşısını almaq məqsədilə onun stasionar müalicəyə cəlb olunması qərara alınıb.
“Xəstəxanaya yerləşdirilməyim doğrudur. İlin əvvəlində də bir müddət müalicə almışdım, sonra evə buraxıldım. Lakin qripə ağır formada yoluxduğum üçün yenidən həkimlərə müraciət etməli oldum. Hərarətim 39 dərəcədən yuxarı idi”, – deyə Luçesku bildirib.
Təcrübəli məşqçi tezliklə sağalaraq Rumıniya millisinin sükanı arxasına qayıtmağa ümid edir. Xatırladaq ki, Rumıniya seçməsi 26 martda DÇ-2026-nın pley-off mərhələsi çərçivəsində Türkiyə yığmasına qarşı mühüm oyuna çıxacaq.