Amsterdam Apellyasiya Məhkəməsi “Spartak”ın keçmiş hücumçusu Kvinsi Promesin arqumentlərini qəbul etməyib. Futbolçunun tərəfi, Promesin futbol oynaya bilməsi və beş yetkinlik yaşına çatmayan övladının qayğısına qalması üçün məhkəmədən onun azadlığa buraxılmasını xahiş etmişdi. Lakin məhkəmə Kvinsiyə rədd cavabı verib və futbolçu həbsdə qalacaq. Bu barədə “De Telegraaf” nəşri yazır.
Xatdıralım ki, yayda Kvinsi Promes Birləşmiş Ərəb Əmirliklərindən Niderlanda ekstradisiya edilib. Bundan əvvəl vətənində hücumçu iki iş üzrə — narkotik qaçaqmalçılığı və bıçaqla xəsarət yetirmə maddələri ilə 7,5 il həbs cəzası almışdı. Yaxın vaxtlarda məhkəmə Kvinsinin apellyasiya şikayətlərinə baxacaq.
Vaxtilə “Spartak”da keçirdiyi iki dövr ərzində Promes 235 matçda iştirak edib və 114 qol vurub.