Dünən DÇ-2026-nin seçmə turnirində daha bir sensasiya yaşandı. Belə ki, Transfermarkt portalına görə, təxmini dəyəri 300 milyon avro olan Nigeriya yığması Konqo DR-ə uduzaraq mundiala dümək şansını itirdi. Mərakeşin paytaxtı Rabatda keçirilən oyunun əsas və əlavə vaxtı bərabərliklə başa çatıb – 1:1. Hesabı “Super Qartallar” açsa da, konqolular elə ilk yarıdaca bərabərlik qolunu vura bilib. Cütün qalibi penaltilər seriyasında müəyyənləşib. İndi konqolular DÇ-2026-da iştirak etmək imkanı verən vəsiqə uğrunda beynəlxalq pley-off mərhələsində mübarizə aparacaq. Xatırladaq ki, daha əvvəl bu hüququ Cənubi Amerikadan Boliviya və Okeaniyadan Yeni Kaledoniya qazanıb. Bu yığmalara Şimali Amerikadan iki, Asiyadan isə bir komandada qoşulacaq.
Nigeriya millisinə gəlincə, onlar ardıcıl ikinci dəfə mundialın final mərhələsini buraxmalı olacaq. Beləliklə, “afrikalı braziliyalılar”ın hücumçuları Viktor Osimhen, Viktor Bonifeys, Ademola Lookman, Aleks İvobi və Samuel Çukvueze, yarımmüdafiəçilər Vilfred Ndidi və Rafael Onyedika, müdafiəçi Kelvin Bassi kimi ulduzlarını mundialda görməyəcəyik.