UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və İngiltərənin “Nyukasl” klubları ilə bağlı əsas statistikanı təqdim edib.
Bu qarşılaşma komandalar arasında tarixdəki ilk rəsmi görüş olacaq. “Nyukasl” isə tarixində ilk dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşacaq. UEFA xüsusi olaraq vurğulayır ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində debüt edir və bu mərhələyə qədər yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb. Maraqlıdır ki, “sağsağanlar” üçün də bu, ÇL-in pley-off mərhələsindəki ilk iştirakdır.
Məqalədə ağdamlıların İngiltərə təmsilçilərinə qarşı mənfi statistikası da xatırladılıb. “Köhlən atlar” indiyədək İngiltərə klubları ilə keçirdikləri 9 oyunun yalnız birində heç-heçə edib, qalan 8 görüşdə meydanı məğlub tərk ediblər.
Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında olduqca məhsuldar çıxış edirlər. Belə ki, “Qarabağ” Çempionlar Liqasının son 6 ev oyununun hər birində rəqib qapısına azı 2 qol vurmağı bacarıb.
UEFA ingilislərin avrokuboklardakı zəif səfər performansına da diqqət çəkib. “Nyukasl” son 15 səfər matçından cəmi 2 qələbə qazana bilib (8 heç-heçə, 5 məğlubiyyət). Bu isə Bakıdakı qarşılaşma öncəsi təmsilçimiz üçün kifayət qədər müsbət göstərici sayıla bilər.
Xatırladaq ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.