“Yuventus”un Kənan Yıldızla yeni müqavilə üçün apardığı danışıqlar dalana dirənib. Tərəflər müqavilənin şərtləri barədə razılığa gələ bilməyiblər. “Yuve” bossları ulduz futbolçunun əmək haqqını artırmaq və onunla anlaşmanı 2030-cu ilə qədər uzatmaq istəyirlər. Əsas məsələ müqavilənin rəqəmləri və detallarıdır. Yıldız statusunun komanda liderləri ilə müqayisə edilən, daha dəqiq illik qazancının “Qoca Sinyora”nın digər aparıcı oyunçuları ilə müqayisədə az olmamasını istəyir. İlinə 12 milyon avro maaş alan Duşan Vlahoviç istisna olsa da, Conatan Devidin əmək haqqı (6 milyon avro) Kənan üçün etalondur. Oyunçunun tələb etdiyi məbləğlə klubu təklifi etdiyi rəqəm arasındakı fərq təxminən bir milyon avrodur. Bu kritik rəqəm olmasa da, hazırda müqavilənin imzalanmasına mane olur.
Avropa nəhəngləri Kənanla bağlı vəziyyəti diqqətlə izləyir. Artıq “Çelsi” türk futbolçunu sıralarına qoşmaq üçün 67 milyon avro təklif edib. Ancaq qarşı tərəfdə rədd cavabı alıb. “Yuventus” Kənanla müqaviləni uzada bilməsə, yayda ona elçi düşənlərin sayı artacaq. Şübhəsiz ki, “Real” və “Arsenal” əslən Regensburqdan olan Yıldızı transfer etmək üçün dərhal mübarizəyə qoşulacaqlar. Danışıqlarda yaranan fasiləyə baxmayaraq, “Yuventus”un baş direktoru Damyen Komolli onunla anlaşacaqlarına ümid edir. “Ferrari”nin kralı Con Elkannın şəxsi müdaxiləsi bu məsələnin yoluna qoyulmasında həlledici ola bilər. O, Yıldızı yüksək qiymətləndirir və onu gələcəyin “Yuventus”unun qurulmasında təməl kimi görür.
Xatırladaq ki, Yıldız “Yuve” ilə 2024-cü ilin avqust 16-da də imzalanan və 2029-cu ilin iyununa qədər qüvvədə olan müqaviləsinə əsasən, ilinə 1,7 milyon qazanır və komandada yüksək maaş alan oyunçuların siyahısında 19-cu yerdədir.