İtaliya futbolu növbəti dəfə böyük şok yaşayır. Mario Balotellinin 12 il əvvəl İngiltərə qapısına vurduğu qolun “Squadra Azzurra” üçün dünya çempionatları tarixinə vurulan sonuncu möhür olacağını kimsə təsəvvür edə bilməzdi. Lakin fakt dəyişməz qalır: İtaliya hələ də o qoldan sonra mundialda sevinc dadmayıb.
Düz 12 il əvvəl, DÇ-2014-ün qrup mərhələsində İtaliya İngiltərəni 2:1 hesabı ilə məğlub edərkən qələbə topunun müəllifi Mario Balotelli olmuşdu. Bu qol həmin turnirdə italyanların sevinc dolu son sədası idi. Həmin vaxtdan bəri dördqat dünya çempionları nəinki pley-off mərhələsinə həsrətdir, hətta artıq üç turnirdir ki, mundialın final mərhələsinə vəsiqə qazana bilmirlər.
İtaliyanın dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi sonuncu oyun hələ də 2006-cı ilin Zidanlı, Kanavarolu unudulmaz finalıdır (Fransa ilə 1:1, penaltilərlə 5:3). Bu şanlı zəfərdən sonra komanda iki dəfə qrupda qalıb, son üç dünya çempionatına isə (2018, 2022 və 2026) ümumiyyətlə qatıla bilməyib.
Dünən, martın 31-də italyan futbolsevərlər daha bir faciə ilə üzləşdi. DÇ-2026-ya vəsiqə uğrunda keçirilən pley-off qarşılaşmasında İtaliya millisi Bosniya və Herseqovina səddini keçə bilmədi. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın taleyi penaltilər seriyasında həll olundu. Balkan təmsilçisinin 4:1 hesablı üstünlüyü İtaliyanın növbəti dünya çempionatına olan ümidlərini birdəfəlik bitirdi.