Ard-arda üçüncü dəfə Dünya Çempionatından kənarda qalan “Skuadra Azzurra”da rəhbərlik səviyyəsində ciddi silkələnmə yaşanır. İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravinanın gedişindən sonra əfsanəvi qapıçı Canluici Buffon da postunu tərk etdi.
İtaliya futbolu tarixinin ən qaranlıq dövrlərindən birini yaşayır. 2026-cı il FIFA Dünya Çempionatına vəsiqə qazanmaq şansını itirən İtaliyada sular durulmaq bilmir. Milli komandanın növbəti uğursuzluğu ölkə futbolunun zirvəsində istefa dalğasına yol açıb.
Dünən səhər saatlarında İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina, millinin 2026-cı il mundialından kənarda qalmasına görə məsuliyyəti üzərinə götürərək istefa verdiyini açıqlayıb. Bu qərar İtaliya idman ictimaiyyətində böyük əks-səda doğursa da, əsl sürpriz komandanın simvolik simasından gəlib.
Prezidentin gedişindən qısa müddət sonra İtaliya millisinin nümayəndə heyətinin rəhbəri, əfsanəvi qolkiper Canluici Buffon da vəzifəsindən ayrıldığını elan edib. Buffon öz sosial media hesabında paylaşdığı emosional vida məktubunda bu addımı “vicdan borcu” kimi qiymətləndirib: “Prezident Qravinanın geri addım atmasından sonra, mən də bu məsuliyyəti bölüşərək eyni qərarı verdim. Bosniya ilə oyunun final fitindən sonra istefa mənim üçün qaçılmaz bir addım idi. Bu qərar ən az o an tökdüyüm göz yaşları qədər təbii və ürəyimdəki ağrının bir əksi idi”.
Buffon qeyd edib ki, əsas hədəf İtaliyanı yenidən dünya futbolunun zirvəsinə qaytarmaq olsa da, bu missiyanı yerinə yetirmək mümkün olmayıb: “Məqsədimiz millini yenidən Dünya Çempionatına aparmaq idi, lakin bunu bacarmadıq. Hesab edirəm ki, bu məqamda postu tərk etmək ən doğru addımdır”.
Təcrübəli idmançı sonda bütün yaşadıqlarına görə minnətdarlığını bildirib: “Bu çətin sonluq mənə çox şey öyrətdi. Yaşadığım hər an üçün minnətdaram. İtaliya millisini hər zaman dəstəkləməyə davam edəcəyəm”.