Türkiyə Superkubokunun yarımfinalında “Fənərbaxça” “Samsunspor”u 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da finalda əzəli rəqib “Qalatasaray”ın rəqibi olub. “Turkcell Superkuboku” çərçivəsində “Yeni Adana” stadionunda keçirilən qarşılaşma İstanbul təmsilçisinin üstünlüyü ilə başa çatıb.
Oyuna sürətlə başlayan “Fənərbaxça” 4-cü dəqiqədə hesabı açıb. Asensionun ötürməsindən sonra Musaba sağ cinahdan topu içəri çevirib, Kerem Aktürkoğlu isə penalti nöqtəsi üzərindən dəqiq zərbə ilə qol pərdəsini açıb.
Qoldan sonra “sarı-lacivərdlilər” təzyiqi artırıb. Musabanın uzaq məsafəli zərbəsini qapıçı çətinliklə küncə çıxarıb. Daha sonra Duranın və Asensionun zərbələri dirəkdən qayıdıb.
67-ci dəqiqədə hesab fərqi ikiyə çıxıb. Musaba rəqibini keçərək cərimə meydançasına ötürmə edib, kolumbiyalı hücumçu Con Duran isə komandasını rahatladan qolu vurub.
78-ci dəqiqədə “Samsunspor” azlıqda qalıb. Kerem Aktürkoğluna qarşı sərt müdaxilə edən Makambu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Az sonra Yiğit Efe Demirin vurduğu üçüncü qol VAR yoxlamasından sonra ofsayd səbəbindən ləğv edilib.
“Fənərbaxça” və “Qalatasaray” arasındakı böyük final yanvarın 10-u, şənbə günü Atatürk Olimpiya Stadionunda keçiriləcək. Bakı vaxtıyla saat 21:30-da başlayacaq qarşılaşmanı Türkiyənin ATV kanalı yayımlayacaq.