İngiltərə Premyer Liqası (APL) qitə miqyasında hegemonluğunu rəsmiləşdirir. Artıq ikinci mövsümdür ki, dumanlı albion təmsilçiləri UEFA Çempionlar Liqasına (ÇL) ən azı 5 komanda ilə qatılmaq hüququnu praktiki olaraq təmin ediblər.
UEFA-nın cari mövsüm üçün tətbiq etdiyi reytinq qaydalarına əsasən, ən yaxşı nəticə göstərən iki liqaya ÇL-də əlavə yer ayrılır. “Arsenal”ın 1/4 final mərhələsində “Sportinq” üzərində qazandığı 1:0 hesablı qələbə İngiltərənin ilk iki pillədəki mövqeyini sarsılmaz etdi. Bu, Premyer Liqanı 5-ci sırada bitirən komandanın birbaşa qitənin ən nüfuzlu turnirinə yollanacağı deməkdir. Xatırladaq ki, ötən mövsüm bənzər ssenaridən “Nyukasl Yunayted” uğurla yararlanmışdı.
Hazırda daxili çempionatda avrokubok zonası uğrunda gərginlik pik həddədir. 49 xalla 5-ci pillədə qərarlaşan “Liverpul” mövqeyini qorumağa çalışsa da, rəqibləri təqibi davam etdirir. Hazırda 5-ci və 13-cü yerlər arasındakı xal fərqi cəmi 7-dir. Bu isə o deməkdir ki, “Çelsi”, “Brentford”, “Everton”, “Brayton” və “Fulhem” kimi klubların hələ də ÇL arzuları kağız üzərində qalmayıb.
Əlavə kvotanın taleyi təkcə liqa cədvəlindən deyil, həm də turnir qaliblərindən asılıdır. Əgər “Aston Villa” və ya “Liverpul” Avropa turnirlərindən birində zəfər çalıb, eyni zamanda APL-i 5-ci pillədə bitirərsə, ÇL vəsiqəsi 6-cı yerə ötürüləcək. Hər iki komandanın öz turnirlərində qalib gələcəyi təqdirdə isə, hətta 7-ci pillənin də turnirə qatılmaq ehtimalı yaranacaq.
Digər tərəfdən, Avropa Liqasında 1/4 finala yüksələn “Nottinqem Forest” də sensasiya axtarışındadır. Onlar ötən mövsüm “Tottenhem”in etdiyini təkrarlamaq — turnirin qalibi olmaqla ÇL-ə birbaşa vəsiqə qazanmaq niyyətindədirlər. Bu ssenari reallaşarsa, İngiltərə turnirdə rekord sayda — 6 klubla təmsil oluna bilər.İngiltərənin liderliyi fonunda, ikinci əlavə yer uğrunda mübarizə daha dramatik xarakter alır. İspaniya hazırda ikinci pillədədir və 6 təmsilçi ilə mübarizəni davam etdirir. “Barselona” və “Atletiko”nun 1/4 finalda üz-üzə gəlməsi La Liqanın reytinq xallarını zəmanət altına alsa da, Almaniya təhlükəsi hələ sovuşmayıb. “Bavariya”nın “Real” üzərindəki 2:1 hesablı qələbəsi və “Frayburq”un Avropa Liqasındakı “Selta” sınağı həlledici rol oynayacaq. İtaliya və Portuqaliya gəlincə, hər iki ölkənin yalnız riyazi şansları qalır.