İrlandiya Futbol Assosiasiyası (FAI), UEFA Millətlər Liqası çərçivəsində İsrail yığması ilə keçiriləcək oyunlardan imtina etməyəcəyini rəsmən bəyan edib. Dublin administrasiyası siyasi təzyiqlərə baxmayaraq, UEFA-nın sərt sanksiyalarından çəkinərək meydana çıxmağa qərar verib.
Millətlər Liqasının püşkatma nəticələrinə görə, İrlandiya və İsrail yığmaları B3 qrupunda bir araya gəliblər. Bu püşkatma İrlandiya daxilində ciddi müzakirələrə səbəb olub. Belə ki, ötən ilin noyabr ayında FAI-nin iclasında İsrailin UEFA nizamnaməsini pozduğu iddiası ilə Avropa turnirlərindən kənarlaşdırılması üçün müraciət edilməsi təklifi səs çoxluğu ilə qəbul edilmişdi.
Assosiasiyanın yaydığı rəsmi bəyanatda bildirilir: “FAI təsdiq edir ki, kişilərdən ibarət milli komandamız Millətlər Liqasının B3 qrupunda İsrail yığmasına qarşı nəzərdə tutulan hər iki oyunu keçirəcək. 2025-ci ilin noyabrında İsrail Futbol Federasiyasının turnirlərdən kənarlaşdırılması üçün UEFA-ya rəsmi vəsatət təqdim olunsa da, hazırkı şərtlər oyunların keçirilməsini diktə edir”.
İrlandiyanın boykot qərarından vaz keçməsinin əsas səbəbi UEFA-nın “polad” intizam qaydalarıdır. FAI bəyanatında qeyd edir ki, UEFA nümayəndələri ilə aparılan məsləhətləşmələr zamanı assosiasiyaya ciddi xəbərdarlıq edilib. Mövcud reqlamentə əsasən, oyundan imtina edən tərəfi aşağıdakı sanksiyalar gözləyir:
Texniki məğlubiyyət. Oyuna çıxmayan komandaya dərhal 0-3 hesablı məğlubiyyət verilir.
Diskvalifikasiya: İmtina halı təkrarlandıqda və ya qəsdən edildikdə, assosiasiya turnirdən tamamilə kənarlaşdırıla bilər.
Maliyyə və intizam cəzaları. Federasiyaya qarşı ağır pul cərimələri və gələcək turnirlərdən məhrumetmə sanksiyaları tətbiq oluna bilər.
Məhz bu idman və maliyyə risklərini nəzərə alan İrlandiya tərəfi, siyasi mövqeyinə və ölkə daxilindəki ictimai təzyiqlərə rəğmən, “yaşıl meydanda” qalmağı üstün tutub. Beləliklə, B3 qrupunda gərgin keçəcəyi gözlənilən İrlandiya-İsrail matçları rəsmi təqvimə uyğun olaraq baş tutacaq.