İngiltərə millisi 3-cü tur çərçivəsində Xorvatiya ilə qarşılaşıb və rəqibini darmadağın edib – 7:0.
Bu nəticə Xorvatiya yığmasının tarixinə ən böyükhesablı məğlubiyyət kimi düşüb. Xorvatların bundan əvvəlki antirekordu 2018-ci ildə, Millətlər Liqasında İspaniyaya 0:6 hesabı ilə uduzarkən qeydə alınmışdı.
İngiltərənin baş məşqçisi Tomas Tuxel komandasının oyunundan razı qalıb. Almaniyalı mütəxəssis bildirib ki, futbolçular ilk dəqiqədən son ana qədər yüksək səviyyəli performans nümayiş etdiriblər: “Səfər matçı üçün bu, çox təsirli çıxış idi. Çoxsaylı qol imkanları yaratdıq və oyunun ilk dəqiqələrindən çox sərbəst futbol oynadıq. Yüksək tempi qoruduq, boş zonalardan düzgün istifadə etdik və hücumların tamamlanmasında çox effektiv olduq. Komanda həm pressinqdə, həm də müdafiədə sona qədər istəkli idi. Əsas prinsipləri düzgün yerinə yetirdiyimiz üçün bütöv bir komanda təsiri bağışladıq”.
Finlandiya millisi isə Albaniya üzərində iradəli qələbə qazanıb. Matçın 4-cü dəqiqəsində “Sivasspor”un hücumçusu Rey Manay albanları hesabda irəli çıxarsa da, ilk hissənin ortalarında qonaqlar azlıqda qalıblar. Qapıçı Etrit Berişa qeyri-dəqiq ötürmə ilə topu itirdikdən sonra cərimə meydançasından kənarda rəqib futbolçunu yıxaraq birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Əzmkarlıq nümayiş etdirən finlandiyalılar rəqibin azlıqda qalmasından istifadə edərək meydandan qalib ayrılmağı bacarıblar.
İslandiya millisi də öz növbəsində Bolqarıstanı məğlub edib. Böyük üstünlüyə baxmayaraq, islandiyalılar hesabı yalnız 37-ci dəqiqədə aça biliblər. “Real Sosyedad”ın hücumçusu Orri Oskarsson fərqlənib. İkinci hissədə daha bir qol vuran təcrübəli forvard dublunu rəsmiləşdirib. Görüşün son dəqiqələrində isə Ellertsson məhz Oskarssonun məhsuldar ötürməsindən sonra yekun hesabı müəyyənləşdirib – 3:0.
Günün digər oyunlarında Estoniya millisi Lüksemburqu minimal hesabla məğlub edib, Belarus seçməsi isə San Marinonu darmadağın edib.
A3 qrupu
Xorvatiya – İngiltərə 0:7
Keyn, 8, 57; Bellingem, 21; Qordon, 39; Saka, 45, 68; Rocers, 87.
| № | Komanda | O | Q | H | M | T | X |
| 1 | İngiltərə | 3 | 2 | 0 | 1 | 11:3 | 6 |
| 2 | İspaniya | 2 | 2 | 0 | 0 | 7:3 | 6 |
| 3 | Xorvatiya | 3 | 1 | 0 | 2 | 3:12 | 3 |
| 4 | Çexiya | 2 | 0 | 0 | 2 | 1:4 | 0 |
C1 qrupu
Finlandiya – Albaniya 1:1
Valta, 26; 71. – Manay, 4
Belarus – San Marino 4:0
Kontsevoy, 46, 88; Şumanski, 65; Ebonq, 68.
| № | Komanda | O | Q | H | M | T | X |
| 1 | Finlandiya | 3 | 2 | 1 | 0 | 9:1 | 7 |
| 2 | Albaniya | 3 | 2 | 0 | 1 | 6:2 | 6 |
| 3 | Belarus | 3 | 1 | 1 | 1 | 4:2 | 4 |
| 4 | San Marino | 3 | 0 | 0 | 3 | 0:14 | 0 |
C4 qrupu
İslandiya – Bolqarıstan 3:0
Oskarsson, 37, 60; Ellertsson, 90.
Estoniya – Lüksemburq 1:0
Peetson, 5.
| № | Komanda | O | Q | H | M | T | X |
| 1 | İslandiya | 3 | 2 | 1 | 0 | 7:1 | 7 |
| 2 | Estoniya | 3 | 1 | 2 | 0 | 2:1 | 5 |
| 3 | Lüksemburq | 3 | 1 | 0 | 2 | 2:5 | 3 |
| 4 | Bolqarıstan | 3 | 0 | 1 | 2 | 1:5 | 1 |