Avropa qitəsinin nüfuzuna görə ikinci böyük klub turniri olan Avropa Liqasında həlledici mərhələnin ilk oyunları davam edir. Qitəmiqyaslı turnirin bahar hissəsində komandalar növbəti mərhələyə vəsiqə qazanmaq üçün bu gün daha üç mühüm qarşılaşmada üz-üzə gələcəklər.
Günün ən çox diqqət çəkən qarşılaşmalarından biri İtaliyada baş tutacaq. A Seriyasında özünəməxsus oyunu ilə diqqət çəkən “Bolonya” öz meydanında İngiltərə Premyer Liqasının iddialı kollektivlərindən olan “Aston Villa”nı qəbul edəcək.
Eyni saatda digər bir ada təmsilçisi – qitə miqyaslı turnirlərdə böyük tarixi olan “Nottingem” isə Avrokubokların ən təcrübəli komandalarından biri sayılan Portuqaliya nəhəngi “Portu”nun qonağı olacaq. İngilislərin “Draqau” stadionundakı sınağı gecənin ən gərgin duellərindən biri olmağa namizəddir.
Günün digər maraqla gözlənilən matçı isə Almaniyada oynanılacaq. Bundesliqa təmsilçisi “Frayburq” doğma azarkeşləri önündə İspaniyanın “Selta” klubunu sınağa çəkəcək. Hər iki komanda cavab matçı öncəsi sərfəli nəticə əldə etmək üçün meydana çıxacaq.
9 aprel
23:00 “Bolonya” (İtaliya) – “Aston Villa” (İngiltərə) İctimai TV
23:00 “Portu” (Portuqaliya) – “Nottingem” (İngiltərə) CBC Sport
23:00 “Frayburq” (Almaniya) – “Selta” (İspaniya)
Xatırladaq ki, cavab oyunları aprelin 16-da keçiriləcək.