Mərakeş yarımfinalda Seneqala rəqib oldu
Dünən Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində keçirilən ilk iki oyundan sonra yarımfinalın ilk cütü müəyyənləşib. Gərgin keçən qarşılaşmalar favoritlərin turnirdə yoluna davam etdiyini göstərib.
Günün ilk oyununda Seneqal Malini minimal hesabla məğlub edərək adını yarımfinala yazdırıb. Matçın taleyini həll edən yeganə qolu 27-ci dəqiqədə İlman Ndiaye vurub. Rəqibin sağ cinahdan ötürməsi zamanı Malinin qapıçısı səhlənkar oynayaraq topu əlindən qaçırıb, Ndiaye isə yaranmış fürsətdən maksimum yararlanaraq topu tora qovuşdurub. Beləliklə, “Teranqa şirləri” çempionluq yolunda növbəti addımı atıb.
Günün ikinci oyununda isə “Qara qitə”nin iki nəhəngi – Kamerun və Mərakeş üz-üzə gəlib. Hələ oyun başlamazdan əvvəl hakim təyinatı ilə bağlı gərginlik yaşanıb. Belə ki, ilkin qərara əsasən, görüşü misirli hakim Amin Məhəmməd Ömər idarə etməli idi. Lakin matça bir gün qalmış baş hakim dəyişdirilib və qarşılaşma mavritaniyalı Dahane Beydaya həvalə olunub.
“Sportnewsafrica” saytının yaydığı məlumata görə, Mərakeş Futbol Federasiyası hakimin təyinatındakı gecikmədən narazı qalıb. Daha sonra misirli referinin seçimi də mərakeşli rəsmiləri qane etməyib. Nəticədə, Afrika Futbol Konfederasiyası (CAF) arzuolunmaz mübahisələrdən qaçmaq üçün hakim briqadasını dəyişmək qərarına gəlib.Oyuna gəlincə, Mərakeş seçməsi Brahim Diaz və İsmael Saibarinin qolları sayəsində Kamerunu məğlub edərək növbəti mərhələyə yüksəlib. Beləliklə, Mərakeş yarımfinalda Seneqal ilə qarşılaşacaq.