Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Zirə” qarşılaşması qonqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Fizuli Məmmədov məğlubiyyətə rəğmən komandasının performansını yüksək qiymətləndirib və gələcək taleyi ilə bağlı sualları cavablandırıb.
Mütəxəssis komandasının çıxışından razı qalsa da, nəticənin ədalətli olmadığını vurğulayıb: “Yaxşı oyun nümayiş etdirdik. Meydanda rəqiblə başabaş mübarizə aparan, əzmkarlıq göstərən bir komanda var idi. Hətta bəzi epizodlarda “Zirə” kimi güclü rəqibi üstələməyi də bacardıq. Hesabda geri düşsək də, sərgilədiyimiz futbolla layiqincə mübarizə apardıq. Belə bir oyundan sonra məğlubiyyətə layiq deyildik. Sadəcə bir səhv bütün zəhmətimizi boşa çıxardı. “Zirə”ni qələbə münasibətilə təbrik edirəm, futbolçularıma isə göstərdikləri oyuna görə təşəkkürümü bildirirəm”.
Məşqçi komandanın elitanı tərk edəcəyi təqdirdə postunda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Klubun kifayət qədər yaxşı bazası və infrastrukturu var. Bu istiqamətdə təkmilləşdirmə işləri hələ də davam edir. Hesab edirəm ki, hadisələrin gedişatından asılı olmayaraq, klub öz yoluna davam edəcək. Mənim gələcəyimə gəlincə, komanda elitanı tərk edərsə, nələrin olacağı barədə hələ ki, rəhbərliklə müzakirəmiz olmayıb. Biz sonadək döyüşəcəyik”.