FİFA Ərəb Kubokunda yaşanan vəziyyətdən sonra kəskin tənqid atəşinə tutulub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmaları arasında keçirilən üçüncülük matçı stadion yaxınlığında çaxan güclü ildırım və fırtına səbəbindən dayandırılıb. Sonradan oyun bərpa olunmayıb.
Qətərin Əl-Rayan şəhərindəki “Xəlifə Beynəlxalq Stadionunda” keçirilən qarşılaşmanı 45 mindən çox azarkeş izləyirdi. İlk hissədən sonra hesab 0:0 idi və komandalar ikinci hissəyə çıxmağa hazırlaşırdılar. Lakin hava şəraitinin kəskin pisləşməsi üzündən referi təhlükəsizlik mülahizələrini rəhbər tutaraq oyunu davam etdirməmək qərarına gəlib.
“GOAL” nəşrinin məlumatına görə, FİFA matçın vaxtını dəyişmək və ya alternativ arena axtarmaq əvəzinə, oyunun tamamilə dayandırıldığını elan edib. Nəticənin taleyi isə təşkilatın daxili komitəsinin ixtiyarına verilib ki, bu da beynəlxalq turnirlər praktikasında olduqca nadir hallardan hesab olunur.
Dörd saatlıq gözləmədən sonra FİFA rəsmən bəyan edib ki, üçüncülük matçı 0:0 hesabı ilə başa çatmış sayılır və Səudiyyə Ərəbistanı ilə BƏƏ üçüncülük pilləsini bölüşürlər.
“FİFA Ərəb Kuboku Qətər-2025-in üçüncülük matçının ləğv edilməsindən sonra, mövcud reqlamentlərə və FİFA nizamnaməsinə uyğun olaraq, Kişi Milli Komandalar üzrə Komitə aşağıdakı qərarı qəbul edib: matç 0:0 hesabı ilə başa çatmış hesab olunsun, üçüncülük hər iki komanda arasında bölüşdürülsün. 3-cü və 4-cü yerlər üçün nəzərdə tutulan ümumi mükafat fondu birləşdirilərək hər iki iştirakçı arasında bərabər bölünsün”.
Beləliklə, komandalar yalnız üçüncü yeri bölüşməklə kifayətlənməyib, həm də mükafat fondundan bərabər pay alıblar. 2025-ci il Ərəb Kubokunun mükafat fondu rekord həddə — 30 milyon avroya çatdığı üçün qərarın maliyyə tərəfi tərəflər üçün böyük əhəmiyyət kəsb edib.