Şahmat üzrə ölkə çempionatında mübarizə artıq 1/4 final mərhələsinə qədəm qoyub. İlk oyun gününün nəticələri həm gözlənilən qələbələr, həm də sürprizlərlə yadda qalıb.
Kişilərin yarışında reytinq favoriti Şəhriyar Məmmədyarov Əhməd Əhmədzadəni məğlub edib. Son çempion Rauf Məmmədov Renad Səmədovla heç-heçə oynayıb. Eltac Səfərli – Məhəmməd Muradlı və Aydın Süleymanlı – Nicat Abasov qarşılaşmaları da sülhlə başa çatıb.
Günün əsas sürprizi qadınların mübarizəsində yaşanıb. Belə ki, son çempion Günay Məmmədzadə Ayan Allahverdiyevaya məğlub olub.
Reytinq favoriti Ülviyyə Fətəliyeva Səbinə İbrahimovanı, Türkan Məmmədyarova isə Nərmin Abdinovanı üstələyib. Gülnar Məmmədova və Xanım Balacayeva arasındakı görüş heç-heçə yekunlaşıb.
Ümumi mükafat fondu 92 000 manat olan ölkə çempionatı fevralın 22-də başa çatacaq.