Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmunlu “Arsax” musiqisindən istifadə etməsini qətiyyətlə pisləyib.
MOK məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi etiraz məktubu ünvanlayıb. Məktubda vurğulanan əsas məqamlar aşağıdakılardır:
Siyasi və ideoloji təxribat: BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, “Arsax” ifadəsi Ermənistanın Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinə qarşı uzun illər apardığı qeyri-qanuni və separatçı siyasətin ideoloji əsasını təşkil edir. Olimpiya Oyunları kimi mötəbər platformada belə bir proqramın seçilməsi açıq-aşkar siyasi xarakter daşıyır.
Olimpiya Xartiyasının pozulması: Qeyd olunub ki, Olimpiya Xartiyasının prinsiplərinə əsasən, oyunlar zamanı hər hansı siyasi, ideoloji və ya separatçı təbliğata yol verilməməlidir. İdmanı siyasətdən kənar saxlamaq və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaq BOK-un əsas missiyalarından biridir.
Beynəlxalq prinsiplərə zərbə: Bu cür addımların Olimpiya hərəkatının neytrallıq prinsipinə, idman etikasına və regionda sülh, qarşılıqlı etimad mühitinə ciddi xələl gətirdiyi bildirilib.
Milli Olimpiya Komitəsi bir daha bəyan edib ki, Olimpiya Oyunları sülhün və xalqlararası hörmətin rəmzidir. Bu platformadan separatçı təbliğat üçün istifadə edilməsi yolverilməzdir.