Nəhayət, “Mançester Siti” italiyalı qapıçı Cianluici Donnarummanı heyətinə qatdı. Bu hadisə klubun Edersonla yollarını ayırmasından bir neçə saat sonra baş verdi. “Mançester Siti” 26 yaşlı qapıçının transferini rəsmi olaraq təsdiqlədi. Bu addım son günlər onun “Paris Sen-Jermen”dən ayrılacağı ilə bağlı yayılan xəbərlərdən sonra gözlənilən idi.
Donnarumma müqaviləsi gələn yayadək davam edən “Park de Prens”dəki statusunu itirmək üzrə idi, çünki baş məşqçi Luis Enrike yeni transfer Lukas Şevalyeyə üstünlük verməyə hazır görünürdü. Avropa Superkuboku uğrunda oyunda Şevalyenin əsas heyətdə görünməsi də bunu təsdiqləmişdi. Donnarummanın gəlişini açıqlanmazdan öncə “Siti” braziliyalı qapıçı Edersonun 14 milyon avro qarşılığında Türkiyənin “Fənərbaxça” klubuna transferini təsdiqlədi. 31 yaşlı qolkiper 8 möhtəşəm mövsümdən sonra Mançesteri tərk edir. O, bu müddətdə bir neçə Premyer Liqa çempionluğu da daxil olmaqla, ümumilikdə 18 kubok qazanıb.
Edersonun gedişi Pep Quardiolanın komandasına Donnarummanın 35 milyon avroya transferini tamamlamağa şərait yaratdı. İtaliyanın Avro-2020 çempionluğunda əsas fiqurlardan biri olmuş Donnarumma 2021-ci ildə “Milan”dan “PSJ”yə keçmişdi. O vaxtdan bəri 161 oyuna çıxaraq dörd dəfə Fransa çempionluğunu, iki Fransa kubokunu və Çempionlar Liqasını qazanıb.