İngiltərə Premyer Liqasının iddialı təmsilçisi “Nyukasl”ın baş məşqçisi Eddi Hau Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək ilk oyun öncəsi geniş mətbuat konfransı keçirib. Britaniyalı mütəxəssis rəqibin gücü, hazırlıq prosesi və komandasının hədəfləri barədə ətraflı danışıb.
Komandanın hazırkı durumundan bəhs edən Eddi Hau ciddi itkilərinin olmadığını vurğulayıb: “Heyətlə bağlı heç bir ciddi problemimiz yoxdur, bütün əsas oyunçularımız sıradadır. Bakıya gəlişimiz çox xoş keçdi, futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Son həftələrdə Premyer Liqada qazandığımız uğurlu nəticələr bizə əlavə inam verir. Sabahkı matça tam hazır vəziyyətdə çıxacağıq”.
Qarabağ”ın cari mövsümdə “Çelsi” (2:2) və “Liverpul”a (0:6) qarşı keçirdiyi qarşılaşmaların onlar üçün əsas baza olduğunu deyən baş məşqçi, rəqibi dərindən öyrəndiklərini bildirib:
“Biz “Qarabağ”ı ciddi şəkildə analiz etmişik və hər iki qarşılaşmanı detalına qədər öyrənmişik. Bilirik ki, “Qarabağ” texniki cəhətdən çox hazırlıqlı futbolçulara sahibdir və meydanda cəsarətli futbol nümayiş etdirir. Xüsusilə “Çelsi” ilə heç-heçə etdikləri oyun rəqibin hansı səviyyədə müqavimət göstərə biləcəyini bizə sübut etdi. Bizi asan oyun gözləmir, rəqibin səviyyəsinə bələdik”.
Eddi Hau “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzunmüddətli fəaliyyətinə xüsusi diqqət çəkib: “Bir klubda 17 il ərzində çalışmaq və bu cür uğurlar qazanmaq böyük hörmətə layiqdir. Bu, müasir futbolda nadir rast gəlinən bir haldır. Şəxsən Qurbanovu dərindən araşdırmasam da, onun yaratdığı sistemin nəticələri göz qabağındadır. “Qarabağ”ın özünəməxsus, aqressiv və axıcı bir oyun tərzi var. Onların oyunlarını izləmək maraqlıdır, bu komandanın meydanda öz dəst-xətti var”.
Məşqçi bu qarşılaşmanın “Nyukasl” üçün sadəcə bir oyun deyil, tarixi bir mərhələ olduğunu qeyd edib: “Bu, klubumuzun tarixində yeni bir fürsətdir. Pley-off mərhələsinə qədər uzun və çətin bir yol keçmişik. Bizim üçün hər bir matç önəmlidir, lakin sabahkı oyunun çəkisi fərqlidir. Azarkeşlərimizin bir qismi artıq buradadır, onların dəstəyini hiss edirik. Bakıdan evə müsbət nəticə və xoş duyğularla dönmək üçün əlimizdən gələni edəcəyik”.Mətbuat nümayəndələrinin transfer sualına Eddi Hau ehtiyatla yanaşsa da, rəqib heyətdəki bəzi oyunçuları bəyəndiyini gizlətməyib: “Transfer bazarı üçün hər zaman gözümüz açıqdır. Konkret ad çəkməyəcəyəm, lakin “Qarabağ”ın heyətində, xüsusilə də cinahlarda çıxış edən sürətli və texnikalı futbolçular diqqətimizdən yayınmayıb”.