Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarının ikinci günü böyük sürprizlə yadda qaldı. “Atletiko” Barselonadakı tarixi qələbəsi ilə illərdir davam edən həsrətinə son qoydu, PSJ isə doğma meydanda “Liverpul”a “futbol dərsi” keçdi.
Günün mərkəzi qarşılaşması “Kamp Nou”da baş tutdu. Madrid təmsilçisini qəbul edən “Barselona” azarkeşlərini məyus etdi. Oyunun gedişatını Xulian Alvaresin mükəmməl cərimə zərbəsi dəyişdi. Argentinalı ulduz topu birbaşa tora göndərərək hesabı açdı. İkinci hissədə isə Aleksander Sörlot son nöqtəni qoyaraq madridlilərin 2:0 hesablı qələbəsini rəsmiləşdirdi.
Bu qələbə “Atletiko” üçün sadəcə cavab oyunu öncəsi üstünlük deyil, həm də böyük bir psixoloji baryerin aşılması deməkdir. “Hindlular” 2006-cı ildən bəri ilk dəfə “Kamp Nou”dan qalib ayrılaraq, 25 oyunluq uğursuz seriyaya son qoydular.
Matçın qəhrəmanı Xulian Alvares bu qolu ilə “Atletiko”in tarixinə adını qızıl hərflərlə yazdı. Bu, argentinalı hücumçunun ÇL-ın cari mövsümündə 9-cu qol oldu. Bununla da Alvares, bir mövsümdə ən çox qol vuran “Atletiko” oyunçusu ünvanını ələ keçirdi. Əvvəlki rekord 2013/14 mövsümündə 8 qol vuran Dieqo Kostaya məxsus idi.
“Barselona” üçün gecə həm də mənfi rekordla yadda qaldı. Klub ardıcıl 14-cü matçdır ki, ÇLL-də qapısını toxunulmaz saxlaya bilmir. “Göy-qırmızılılar” sonuncu dəfə 2025-ci ilin aprelində Dortmund “Borussiya”sı ilə oyunda (4:0) qol buraxmayıb.
Gecənin digər maraqlı qarşılaşması Parisdə keçirildi. PSJ doğma divarlar arasında İngiltərə nəhəngi “Liverpul”u 2:0 hesabı ilə məğlub etdi. Oyunun hələ 11-ci dəqiqəsində Dezirye Due hesabı açdı, 65-ci dəqiqədə isə Xviça Kvaratsxeliya fərqi artıraraq qələbəni təmin edib.
Dezirye Due vurduğu qolla turnirin tarixinə düşdü. 20 yaş 309 günlüyündə olan Due, ÇL-də 10 qol həddinə çatan 6-cı ən gənc futbolçu oldu. Bu siyahıya 18 yaş 248 günlüyündə rekord qıran Lamin Yamal başçılıq edir.
Həm “Barselona”, həm də “Liverpul” üçün vəziyyət kifayət qədər çətindir. Səfərdə iki top fərqi ilə qələbə qazanan “Atletiko” və evdə inamlı oyun nümayiş etdirən PSJ yarımfinala bir addım daha yaxınlaşıblar.
Ancaq hər iki cütün taleyinə aprelin 14-də keçiriləcək cavab qarşılaşmalarında aydınlıq gələcək.
Çempionlar Liqası. 1/4 final, ilk oyunlar
“Barselona” – “Atletiko” 0:2
X. Alvares, 45. Sörlot, 70.
PSJ – “Liverpul” 2:0
Due, 11. Kvaratsxeliya, 65