“Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhen 39 günlük fasilədən sonra “Atletiko Madrid”lə keçiriləcək kritik qarşılaşmada yenidən “sarı-qırmızılı” formanı geyinəcək. Nigeriyalı ulduz bu oyunda qol vuracağı təqdirdə klubun tarixinə adını qızıl hərflərlə yazdıracaq.
Osimhen bu mövsüm UEFA Çempionlar Liqasında “Liverpul”, “Bodo/Qlimt” və “Ayaks” kimi rəqiblərin qapısına 6 qol vuraraq böyük rəğbət qazanıb. “Qalatasaray” forması ilə Avropa kuboklarında vurduğu qolların ümumi sayını 12-yə çatdıran hücumçu, hazırda bu göstərici ilə Şabani Nonda və Mario Baroşla şərikli liderdir. Əgər o, “Atletiko”ya qarşı fərqlənə bilsə, klub tarixində Avropa kuboklarında ən çox qol vuran əcnəbi futbolçu ünvanını təkbaşına ələ keçirəcək.
27 yaşlı forvard sonuncu dəfə 13 dekabr 2025-ci ildə “Antalyaspor”a qarşı keçirilən liqa matçında meydanda olub. Daha sonra Nigeriya milli komandası ilə Afrika Millətlər Kubokuna yollanan Osimhen, ölkəsinin turniri üçüncü yerdə başa vurmasından sonra İstanbula qayıdıb. Bu müddət ərzində o, “Qalatasaray”ın 6 rəsmi oyununu kənardan izləməli olub.
Osimhenin heyətə qayıdışı ilə Mauro İkardinin ehtiyat oyunçular skamyasında oturacağı gözlənilir. Maraqlıdır ki, İkardi özü də klub tarixinin ən məhsuldar əcnəbi oyunçusu olmaq üçün əfsanəvi George Haci ilə rəqabət aparır:
George Haci – 71 qol
Mauro İkardi – 70 qol
Argentinalı ulduz meydana daxil olacağı təqdirdə, 1 qol vuraraq Haciyə çatmağı, 2 qol vuraraq isə ümumi qol sayında onu geridə qoyaraq yeni rekorda imza atmağı hədəfləyir.