Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final qarşılaşması Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Mayın 30-na təyin olunan möhtəşəm final öncəsi azarkeşlər üçün ayrılan bilet kvotaları və qiymət kateqoriyaları artıq elan edilib.
Finalçı komandaların hər birinə azarkeşləri üçün 17 200 bilet ayrılacaq. “Fan-kvota” çərçivəsində satılan bu biletlərin qiyməti 70 avro (təxminən 130 AZN) təşkil edəcək.
Azarkeş kvotasından kənarda qalan və neytral tribunalar üçün nəzərdə tutulan biletlər isə daha yüksək qiymətə təklif olunacaq. UEFA biletləri üç əsas kateqoriya üzrə bölüb:
III Kateqoriya: 180 avro
II Kateqoriya: 650 avro
I Kateqoriya: 950 avro
Xatırladaq ki, Çempionlar Liqasının ötən mövsümü futbol tarixinə keçən hadisələrlə yadda qalıb. Finalda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə darmadağın edən Fransa təmsilçisi PSJ, tarixində ilk dəfə bu mötəbər turnirin qalibi adını qazanaraq çempionluq kubokunu muzeyinə aparıb. İndi isə bütün diqqətlər Budapeştə — yeni çempionun kim olacağına yönəlib.