Bu gün La Liqa çərçivəsində keçiriləcək “Real Madrid” – “Sevilya” qarşılaşması böyük maraqla gözlənilir. Oyunu xüsusi edən əsas məqam isə tarixin təkrar olunma ehtimalıdır. Belə ki, “Sevilya” sonuncu dəfə “Santyaqo Bernabeu” stadionunda 17 il əvvəl qələbə qazanıb. Məhz həmin məğlubiyyətdən sonra “kral klubu” o vaxtkı baş məşqçi, almaniyalı mütəxəssis Bernd Şusterlə yollarını ayırmışdı.
Hazırda Madrid təmsilçisi üçün bu statistika maraqlı və düşündürücü bir təsadüf kimi qiymətləndirilir. Son həftələrdə qeydə alınan uğursuz nəticələrdən sonra baş məşqçi Xabi Alonsonun klubdakı gələcəyi ciddi müzakirə olunmağa başlayıb. “Sevilya” ilə matç öncəsi Alonsonun postunda qalıb-qalmayacağı gündəmin əsas mövzusuna çevrilib.
Bernd Şusterin gedişi ilə bağlı xatırlatmalara və üzərindəki təzyiqə Xabi Alonso belə cavab verib: “Mən bu barədə düşünmürəm, sadəcə oyunda qələbə qazanmağa köklənmişəm”.