Monteneqronun Budva şəhərində davam edən boks üzrə U-15 qitə çempionatında beş boksçumuz 1/4 finala vəsiqə qazanıb. 40 kq çəki dərəcəsində Babək Abdullayev 1/8 finalda ispan Unai Lopes Kasalı 5:0 hesabıyla məğlub edib. O, növbəti mərhələdə şotland boksçu Etan Munronla qarşılaşacaq.
42 kq çəki dərəcəsində döyüşən Onur Qurbanov polyak Mikolay Rondosu yenib – 4:1. Boksçumuz 1/4 finalda rəqibi israilli Arkan Zoubi olacaq. 44 kiloqram çəki dərəcəsində macar Kristian Varadini məğlub edən Vaqif Məhəmmədli 1/4 finalda ingilis Tomas Katanaçla qarşılaşacaq.
50 kiloqram çəki dərəcəsində yarışan Elcan Musazadə qitə çempionatında ikinci qələbəsini qazanıb. İdmançımız gürcü Vladimir Xvistanidən güclü olub – 5:0. Boksçumuz yarımfinala gedən yolda çex Tobais Viçeniklə üz-üzə gələcək.
60 kiloqram çəki dərəcəsində çıxış edən Amid Ələkbərov görüşü vaxtından əvvəl başa vurub. O, 2-ci raundda eston Maksim Stetsə tam üstünlüklə qalib gəlib. Ələkbərov 1/4 finalda ukraynalı İsmayıl İsmayılovla üz-üzə gələcək. Sonda onu da deyək ki, 32 ölkənin 369 idmançı iştirak etdiyi qitə çempionatına oktyabrın 25-də yekun vurulacaq.