“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi İngiltərə “Nyukasl”ı ilə keçirəcəyi oyunların detalları məlum olub. Püşk həm Bakıda, həm də “dumanlı Albion”da böyük maraqla qarşılanıb.
UEFA-nın rəsmi açıqlamasına əsasən, bu gərgin duelin ilk oyunu Bakıda baş tutacaq. “Köhlən atlar” fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionu qıtə futbolunun nəhənglərindən birini qonaq edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Cütün taleyinə isə fevralın 24-də İngiltərədə aydınlıq gələcək. “Sent-Ceyms Park” stadionunda keçiriləcək cavab görüşü Bakı vaxtı ilə isə gecə yarısı 00:00-da başlayacaq.
Yeri gəlmişkən, “Qarabağ” da, “Nyukasl” kimi bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Püşkdən dərhal sonra Britaniyanın aparıcı idman nəşrləri bu cütü geniş təhlil etməyə başlayıblar. İngilis mətbuatında üstünlük təşkil edən əsas məqamlar bunlardır:
Uzaq səfər narahatlığı: Chronicle Live və The Northern Echo kimi nəşrlər “Nyukasl”ın qarşılaş
acağı ən böyük çətinliyin futbol yox, logistika olduğunu vurğulayır. Bakıya olan 5000 millik gediş-dönüş məsafəsi və Premyer Liqadakı sıx qrafik Eddi Haunun komandası üçün ciddi fiziki yük hesab olunur.
Favorit statusu və “Liverpul” nümunəsi: İngiltərə mediası “Nyukasl”ı cütün aşkar favoriti hesab edir. Xüsusilə “Qarabağ”ın qrup mərhələsinin sonunda “Liverpul”a böyükhesablı məğlubiyyəti (0:6) ingilis jurnalistlər tərəfindən “Qarabağ müdafiəsinin zəif bəndi” kimi şərh edilir.
Qarabağ”a ehtiyatlı yanaşma: Bəzi təhlilçilər isə “Qarabağ”ın ev oyunlarındakı gücünü xatırladır. “Çelsi” ilə heç-heçə (2:2) və Ağdam klubunun avrokuboklardakı zəngin təcrübəsi “Nyukasl”ı arxayınlaşmamağa sövq edən əsas faktorlar kimi göstərilir.
“Nyukasl” azarkeşləri sosial şəbəkələrdə bu püşkü maraqla qarşılayıblar. Bir çox fanat ilk dəfə Azərbaycana səfər edəcəkləri üçün “Bakı turu” planlarını müzakirə edir, viza və uçuş biletləri ilə bağlı məlumat toplayırlar.Qısası fevral ölkə futbolsevərləri üçün tarixi bir ay olacaq. “Köhlən atlar”ın Premyer Liqa nəhənginə qarşı necə müqavimət göstərəcəyi bütün qitənin diqqət mərkəzindədir.