Daha bir gürcü futbolçu Avropanın aparıcı klubuna keçdi. 21 yaşlı mərkəz müdafiəçisi Saba Qoqliçidze bu mövsümdən “Udineze”də oynayacaq. İtalyan klubu transferlə bağlı rəsmi açıqlamasında Sabanın güclü fiziki və texniki bacarığa və sürətə malik olduğunu deyib. Qoqliçidzenin keçidi qeyri-ixtiyari bizə Bəhlul Mustafazadəni və bu xatırlatmanın fonunda Azərbaycan futbolçularının Avropa bazarına çıxa bilməməsi mövzusunu xatırladır. Bəhlul da Saba kimi mərkəz müdafiəçisidir və Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən istedadlı futbolçulardandır. Bir neçə il əvvəl onun mütləq xaricə gedəcəyinə və ən azı ortabab Avropa klublarından birində möhkəmlənəcəyinə bir ümid vardı. Çünki, Bəhlulda Azərbaycan futbolçuları üçün nadir olan güclü fiziki göstərici, intizam və tərəqqi meyli vardı. Onun adı ABŞ liqası, İsrail və BƏƏ klubları ilə hallanırdı. Lakin illər keçdi, Bəhlul transfer bazarı üçün cazibədar olmayan yaş həddini haqladı. Niyə erkən yaşlarda Qoqliçidzedən heç də zəif görünməyən Bəhlul onun qədər tərəqqiyə nail ola bilmədi? Ümumiyyətlə, Azərbaycan futbolçularının Avropa, hətta ondan geri qalan digər region ölkələrinin transfer bazarında uğurlu olmamasının səbəbi nədir?
Gürcüstan nümunəsinə qarşı Azərbaycan nümunəsi
Transfer bazarında diqqət çəkmək üçün bir sıra vacib şərtlər var. Onlardan ən əsasını götürsək görərik ki, heç biri bizdə yoxdur: Güclü Liqa, güclü fiziki hazırlıq, güclü milli, güclü agent şəbəkəsi və mentalitet. Bütün bu şərtlər birbaşa bir-biri ilə bağlı amillərdir. Əlbəttə sual oluna bilər ki, bəs Gürcüstan çempionatı heç də bizim Premyer Liqadan öndə deyil. Gürcülər transfer bazarında vacib olan digər önəmli yolu seçməklə yenidən fəallaşdılar. İstedadlı oyunçuları erkən yaşdan, əsasən 18-21 yaşından daha rəqabətli liqalara göndərdilər. Xviça Kvaratsxeliya 18 yaşında Moskva “Lokomotiv”inə, Georgi Mamardaşvili 21 yaşında “Valensiya”ya transfer olmaqla bu vasitədən uğurla istifadə etdilər. Hər iki futbolçu öz ölkəsində bir neçə il də qalsaydı nə yaş, nə də fiziki hazırlıq baxımından Avropa klublarının tələblərinə cavab verə bilməyəcəkdilər. Çünki, zəif Gürcüstan liqasında fiziki imkanları yüksəkdə saxlamaq mümkün deyil. Vaxtilə yerli agentlər tərəfindən belə cəhdlər olmuşdu və həmin futbolçular Azərbaycan futbolu üçün dönüş nöqtəsi ola bilərdilər. Təkcə Vaqif Heydərli Budaq Nəsirovu (“Sportinq”), Fərid Nəbiyev və Rövlan Muradovu (“Slaviya”), Samir Qurbanovu (Viktoiya Jijkov) Avropaya aparmışdı və bu cəhdlər çox düzgün, yuxarıda gürcülərin timsalında göstərilən nümunələrə aid addımlar idi. Təəssüf ki, o futbolçuların heç biri özlərini göstərə bilmədi. Bunun başlıca səbəbi o yeniyetmələrin mentaliteti və zəif fiziki hazırlıqları idi.

Araz Abdullayev nağılı
2000-lərin ən istedadlı Azərbaycan futbolçusu Araz Abdullayev 19 yaşında “Everton”a transfer olmuşdu. Bu Azərbaycan üçün nağıla bənzər bir hadisə idi. Sol ayağı, texnikası, meydanı görmə bacarığı ilə seçilən Araz həqiqətən Azərbaycan futboluna sanki başqa planetdən düşmüşdü. Amma “Everton”un məşqlərinə qatıldıqdan sonra bir oyun belə keçirmədən geri qayıtmışdı. Onun transferində iştirakçı olmuş əcnəbi agentlə bir dəfə təsadüfən Yunanıstanda söhbətləşmişdim. Dediyinə görə nəinki ingilislər, hətta “Milan” skautları da Arazın istedadında heyran qalmışdılar. Bildiyimizə görə, Abdullayev intizam əksikliyi və fiziki hazırlığın aşağı olması üzündən geri qayıdası olmuşdu. Mentalitət və uşaq yaşlarından zəif fiziki hazırlıq bizim futbolçuların ən böyük və əsas problemidir. Sovet dövrünün ən istedadlı futbolçuları İsgəndər Cavadov, Yunis Hüseynov, Vidadi Rzayev də məhz bu səbəblərdən daha güclü klublara ya getməmiş, ya da getdikdən sonra çox tez qayıtmışlar. Yetkinlik yaşında olan futbolçularımız Azərbaycan klublarında kef-damaqla məşq elədikləri halda xarici klubların məşqlərinə dözə bilmirlər. Bu gün gedib uşaq futbol komandalarının məşqlərinə baxsanız vəziyyətin nə yerdə olduğunu anlayacaqsınız. O məşqlərdən çıxan futbolçular gələcəkdə eyni vəziyyətlə üzləşəcəklər. Bu səbəbdəndir ki, bizim milli komanda heç cür “60 dəqiqə sindromu”ndan çıxa bilmir. Çünki, fiziki hazırlıqları məhz bu qədər yükləməyə yetir. Son illər “Qarabağ”ın uğuru bizi aldatmasın. 8-9 legioner və iki-üç yerli futbolçu ilə bu nəticələr əldə olunur. Təsəvvür edin ki, vəziyyət nə dərəcədə bərbaddır ki, ikinci, üçüncü dərəcəli xarici futbolçuların fiziki və mental hazırlığı belə bizimkilərdən qat-qat yaxşıdır. Odur ki, qaranlıq tunelin sonunda hələ ki, işıq görünmür. Mahir Əmrəli son illərdə ən üzdə olan futbolçumuzdur. Lakin o da istedadını tam ortaya qoya bilmir. Qeyri-sabit oyununun əsas səbəbi də elə yuxarıda yazdığımız iki əsas amildir: fiziki hazırlıq və mentalitet.

Vaxtında getmədinsə…
Beləliklə, hazırkı durumda vitrin rolunu oynayacaq güclü milli komanda ümidimiz də sıfıra bərabərdir. “Uşaq futbolu” adlı naftalin iyi verən problemi düzəltmək isə tamamilə başqa mövzu və başqa mətləbləri əhatə edir. Dediyimiz o mentalitetli futbolçular sonradan uşaq məşqçisi olursa, bu elə qapalı dairədə fırlanmaqdır. Bu bir gerçəklikdir ki, Azərbaycanda mentalitet, ailə qanunları üzündən oğlan uşaqları müstəqil və güclü xarakter olaraq gec formalaşırlar. Əgər bu gün 17-18 yaşında yeniyetmə Avropa klublarında əsas heyətdə oynayırsa, bizdə bu yaşda olanlar hələ müstəqil həyata hazır olmurlar. Həddən artıq ailə və valideyn himayəsi əxsiyyət kimi formalaşmanı ləngidir və bu da gənclərimizin legioner həyatına hazır olmamasının başlıca səbəbidir.
Qayıdaq Bəhlul Mustafazadəyə. Onun fiziki göstəriciləri yaxşı idi və daha erkən yaşda getsəydi istənilən səviyyəyə qaldıra bilərdi. Amma milli komandadakı oyunu ilə çətin ki, kiminsə diqqətini çəkmək olardı. “Qarabağ”a isə bizim kimi ölkələrdə xaricə transfer üçün kritik yaşda – 24 yaşında keçdi. Bununla da faktiki olaraq aparıcı klublarda oynamaq şansını xəyal olaraq saxladı. Məsələ ondadır ki, Bəhlul bu gün Azərbaycan futbolunun üç ən güclü futbolçularından biridir. Lakin onun oyununda müasir mərkəz müdafiəçiləri üçün tələb olunan bəzi bacarıqlar nisbətən zəifdir: hücumu başlamaq, müdafiədən sürətlə çıxmaq, topa nəzarət zamanı orta sahəyə dəstək vermək, komandasının pas oyununda iştirak edərək hücumda say çoxluğu yaratmaq. Yəni, ənənəvi Sovet məktəbinin müdafiəçisi kimi dağıdıcılıq bacarığı yüksəkdir, quruculuq isə yaxşı inkişaf etməyib. Bunun da səbəbini yuxarıda izah etdik. Bəhlul bu bacarığı artıra bilərdi, bunun üçün onda xarakter də, istedad da vardı. Sadəcə çox erkən yaşından xaricə getməli, düzgün məşqçinin əlinə düşməli idi. “Qarabağ”ın gənc istedadı Nəriman Axundzadə də vaxtında ən azı Şərqi Avropa ölkələrindən birinə getməlidir. Bu halda daha rəqabətli mühitdə inkişaf etmək imkanı olacaq. Əks halda Azərbaycan Premyer Liqasında üst səviyyəyə qalxmaq imkanı olmayacaq.
