“Kəpəz”in baş məşqçisi Azər Bağırov ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Turan Tovuz”a məğlubiyyəti (0:2) şərh edib. Gəncə təmsilçisinin çalışdırıcısı komandadakı çatışmazlıqlar və gələcək taleyi ilə bağlı mühüm məqamlara toxunub.
Məşqçi xüsusilə standart vəziyyətlərdən buraxılan qolların onu məyus etdiyini vurğulayıb: “Məni ən çox üzən məqam standart vəziyyətlərdən sonra qapımızda qol görməyimizdir. Halbuki bu komponent üzərində uzun müddətdir işləyirik. Burada məsuliyyət daha çox qapıçı və qapıçılar üzrə məşqçinin üzərinə düşür”.
Bağırov komandanın hazırkı durumu və heyət qıtlığına da diqqət çəkib: “Bu komandanı mən yığmamışam. Hazırda çempionatda ən az legioneri olan klub bizik. Bəzi aparıcı oyunçuların gedişi bizim üçün böyük itki oldu. Buna baxmayaraq, futbolçular sona qədər mübarizə aparırlar. Qarşıda bizi çempionatda yenidən “Turan Tovuz”la oyun gözləyir. Həmin matçda daha yaxşı çıxış etməyə çalışacağıq”.
Baş məşqçi gələcəyi ilə bağlı sualları cavablandırarkən klubdakı statusunun hələ dəqiqləşmədiyini bildirib: “Klubla hələ ki, yeni müqaviləm yoxdur. Bu məsələyə may ayında aydınlıq gələcək. Ona görə də növbəti mövsümdə komandada qalıb-qalmayacağımı dəqiq bilmirəm”.