Oyun ərəfəsi
Milli komandanın sükanı arxasına gəldikdən sonra Ukrayna ilə Bakıda heç-heçəyə görə təriflər qazanan baş məşqçi Ayxan Abbasova Fransaya 0:3, Ukraynaya 1:2 hesablı məğlubiyyətlərə görə də gözün üstə qaşın var deyən olmadı. Yəni, İslandiya ilə oyuna qədər əksəriyyət onun qısa müddətli fəaliyyətini qənaətbəxş hesab edir. Bir sözlə Abbasov hələ ki,öz sələfi Fernandu Santuşa olan nifrətin dalğaları arasında gizlənməyi bacarıb. Lakin İslandiya ilə oyun Ayxan Abbasov üçün əsl imtahan olacaq. Doğrudur, komandanın iki əsas üzvü Elvin Cəfərquliyev və Mahir Əmrəli bu matçdan kənarda qalıb. Bununla yanaşı İslandiya üçün Bakı qarşılaşması həlledici xarakter daşıyır. Qələbə islandların dünya çempionatına çıxmaq şansını saxlayacaq.
Abbasov heyətdə maraqlı gedişlər edib. Qapnın Aydın Bayramova tapşırıb, xəstəliyi üzündən heyətdən çıxarılan Cəfərquliyevin yerinə isə Rüfət Abbasovu ilk 11-likdə buraxıb. Hər iki futbolçu milli komandada debüt etdi. “Qarabağ”ın heyətində oyun vaxtı qazanmayan Abbas Hüseynovun hansı səbəbdən millinin əsas heyətinə daxil edilməsi isə sual doğurmaya bilməzdi.
Oyunun gedişi
Oyun qonaqların üstünlüyü ilə başladı və millimiz 20 dəqiqə tab gətirə bildi. Albert Qudmundsson hesabı açdı. Fasiləyə qədər İslandiya yığması hesabı daha da artırdı. Buraxılan hər iki qolda Bəhlul Mustafazadənin səhvi vardı. Birinci qolda oyunçusunu buraxan müdafiəçi ikinci qolda hava mübarizəsini uduzdu. İkinci qolda ona komanda yoldaşı Toral da axıra qədər oynamamaqla “kömək” etdi.
İkinci hissə Nərimanın cərimə meydanı önündən güclü zərbəsi ilə başladı. Top qapının üstündən keçdi. Bu zərbə ümid zərbəsi kimi göründü. Amma milli komandanın oyunundan nə sürət, nə yaradıcılıq, nə məzmun var idi. Bu isə qonaqlara rahat oynamağa, üstəlik ara-sıra zərbəyə çıxmağa imkan verirdi. İki epizodda qapıçı Bayramov yaxşı oynayaraq hesabın daha da artımasına mane oldu. Yalnız 80-ci dəqiqədə Rüfət Abbasov qapıçı Olafssonu oyuna qoşulmağa məcbur etdi. Olafsson onun uzaq küncə yönələn zərbəsini tullanışla çıxardı. Oyunun sonlarına yaxın qapıçımız daha bir epizodda yaxşı oynadı. İslandiya millisi çətinlik çəkmədən istədiyi 3 xalını qazandı.
D qrupu
Azərbaycan – İslandiya 0:2
8-ci km qəsəbə stadionu.
Baş hakim:Nikola Dabanoviç
Azərbaycan: Aydın Bayramov, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Anton Krivatsyuk, Abbas Hüseynov, Xəyal Əliyev (Rüfət Abdullazadə, 72), Emin Mahmudov (Rüstəm Əhmədzadə, 60), Abdullah Xaybulayev (Anatoli Nuriyev, 84), Rüfət Abbasov, Toral Bayramov (Ceyhun Nuriyev, 60), Nəriman Axubdzadə (Rinat Dadaşov, 72).
İslandiya: Elias Rafn Olafsson, Mikael Egill Ellertsson, Daniel Leo Qretarsson, Sverrir İnqason, Viktor Plasson, Hakon Arnar Haraldsson, İsak Berqmann Yohannesson (Stefan T. Tordarsson, 90), Yohan Qudmundsson (Yon Daqur Torsteynsson, 68), Kristian Hlinsson (Daniel Qudyonsen, 68), Albert Qudmundsson (Gisli G. Tordarsson, 90), Andri Qudyonsen (Brynyolfur A. Villumsson, 68).,
Qollar: A. Qudmundsson, 20 (0:1). S. İnqasson, 39 (0:2).