Premyer Liqanın XXI turunda “Sabah”a minimal hesabla (0:1) məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra fikirlərini bölüşüb. Mütəxəssis məğlubiyyətə baxmayaraq komandasının mübarizəsindən razı qalıb: “Futbolçular yaxşı mübarizə apardılar. Qələbə qazana bilməsək də, göstərdikləri əzmə görə onlara təşəkkür edirəm”.
Jurnalistin “keçən mövsümlə müqayisədə komandanı Premyer Liqada saxlamaq nə dərəcədə çətindir?” sualına baş məşqçi belə cavablandırıb: “Ötən mövsüm heyətimizdə legionerlərin sayı daha çox idi. Bu il isə çempionatda ən az əcnəbi oyunçusu olan komandayıq. İmkan daxilində rotasiyalar edirik, lakin hələ ki istədiyimizə tam nail ola bilmirik. Məsələn, “Turan Tovuz”la matçda rəqib heyətində cəmi 2 azərbaycanlı futbolçu var idi, bizdə isə bu rəqəm 9 idi. Bu gün də eyni mənzərə yaşandı. Hətta bir epizodda “Sabah” hücuma tamamilə legionerlərdən ibarət heyətlə çıxmışdı“.