UEFA-nın “Ayntraxt” klubu barəsində çıxardığı son qərar “Qarabağ”ın ev oyununa da birbaşa təsir edəcək. Frankfurt təmsilçisinin “Kamp Nou”da törətdiyi intizamsızlıq onların növbəti səfər oyunlarını azarkeşsiz keçirməsinə səbəb olub. Bu isə o deməkdir ki, Avrokubokların əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Ayntraxt” qarşılaşmasında qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulan sektor boş qalacaq.
UEFA İntizam Komitəsi Avropa Liqası çərçivəsində keçirilən “Barselona” – “Ayntraxt” matçında baş verən hadisələrlə bağlı yekun qərarını açıqlayıb.
Almaniya təmsilçisinin azarkeşləri tərəfindən “Kamp Nou” stadionunda törədilən kütləvi iğtişaşlar klubun ciddi sanksiyalarla üzləşməsinə səbəb olub. Aparılan araşdırmalar nəticəsində “Ayntraxt” klubu azarkeşlərin meydana kənar əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və stadion infrastrukturuna ziyan vurması maddələri üzrə təqsirli bilinib.
UEFA-nın rəsmi qərarına əsasən, kluba qarşı aşağıdakı sanksiyalar tətbiq edilib. Klubun daha əvvəlki oyunlardan qalan şərti cəzası real cəzaya çevrilib. Bununla belə, azarkeşlərin davranışı səbəbindən “Ayntraxt”a növbəti iki səfər oyunu üçün bilet satışı tamamilə qadağan edilib.
Almaniya klubu ümumilikdə 38 000 avro məbləğində cərimə olunub (30 min avro iğtişaşlara, 8 min avro isə infrastruktura dəymiş ziyana görə).
Xüsusi qeyd olunub ki, Frankfurt təmsilçisi 30 gün müddətində “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalı və qonaq sektorunun sanitar qovşaqlarına vurulmuş maddi ziyanın kompensasiya edilməsi məsələsini həll etməlidir.
Xatırladaq ki, həmin qarşılaşmada 30 minə yaxın alman azarkeşin “Kamp Nou” tribunalarını doldurması futbol dünyasında böyük əks-səda doğurmuş və “Barselona”nın bilet satışı sistemindəki boşluqları üzə çıxarmışdı.