UEFA Avropa Liqasında 1/8 final mərhələsinin tam heyəti müəyyənləşir. Sabah keçiriləcək səkkiz cavab qarşılaşmasından sonra turnirin ən güclü 16 komandası sırasına qoşulacaq son iştirakçılar bəlli olacaq. Bütün diqqətlər isə ağır itkilərlə İngiltərəyə yollanan “Fənərbaxça”nın üzərindədir.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” İstanbulda aldığı gözlənilməz 0:3 hesablı məğlubiyyətin revanşını almaq üçün “Siti Qraund” stadionuna çıxacaq. Lakin komandanın işi heç də asan deyil. Komandanın sütunları sayılan bir çox futbolçu müxtəlif səbəblərdən bu taleyüklü oyunda iştirak edə bilməyəcək. Orta xəttin mühərriki Fred və müdafiənin sol cinahı Ceyden Osteruolde cəzalı olduqları üçün komandaya kömək edə bilməyəcəklər. Anderson Taliska, Ederson, Edson Alvares, Milan Şkriniar və Çağlar Söyüncü hələ də həkim nəzarətindədirlər. Təcrübəli qapıçı Mert Günok və hücumçu Entoni Musabanın adları isə heyətdə yer almayıblar.
Avropa Liqasında təkcə İngiltərədə deyil, qitənin bir çox şəhərində gərgin mübarizə vəd edən oyunlar baş tutacaq. Xüsusilə “Ştutqart” – “Seltik” və “Srvena Zvezda” – “Lill” cütlüklərində hər şeyin yenidən başlayacağı gözlənilir.
21:45 Viktoriya P (Çexiya) – Panatinaikos (Yunanıstan) ilk oyun 2:2
21:45 Ferentsvaroş (Macarıstan) – Ludoqorets (Bolqarıstan) ilk oyun 1:2
21:45 Srvena Zvezda (Serbiya) – Lill (Fransa) ilk oyun 1:0
21:45 Ştutqart (Almaniya) – Seltik (Şotlandiya) ilk oyun 4:1
00:00 Bolonya (İtaliya) – Brann (Norveç) ilk oyun 1:0 CBC Sport
00:00 Genk (Belçika) – Dinamo Z (Xorvatiya) ilk oyun 3:1
00:00 Nottingem Forest (İngiltərə) – Fənərbaxça (Türkiyə) ilk oyun 3:0 İctimai TV, TRT 1
00:00 Selta (İspaniya) – PAOK (Yunanıstan) ilk oyun 2:1