Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatı ölkəmizin idmançıları üçün uğurlu startla yadda qalıb. Qitə birinciliyində ölkəmizi 14 şahmatçı təmsil edir: Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə.
Bu gün turnirin 2-ci turunun oyunları keçiriləcək. Turun ən diqqətçəkən qarşılaşmalarından biri “Azərbaycan derbisi” olacaq. Ölkənin hazırkı çempionu Məhəmməd Muradlı qara fiqurlarla Şahin Vəliyevə qarşı mübarizə aparacaq.
İlk turda Aydın Süleymanlı, Məhəmməd Muradlı, Xəzər Babazadə, Vüqar Manafov, Süleyman Süleymanlı, Gövhər Beydullayeva, Ümid Aslanov, Şahin Vəliyev, Read Səmədov və Nicat Abasov hesabında qələbə qazanıblar. Şiroğlan Talıbovla Əli Zuqanov isə heç-heçə oynayıblar.
Xatırladaq ki, Avropa çempionatı həm də Dünya Kubokuna vəsiqə qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnir aprelin 19-da yekunlaşacaq.