Bu gün Azərbaycan Premyer Liqasında turun ən maraqlı görüşü olacaq. “Araz-Naxçıvan” öz meydanında son çempion “Qarabağ”la qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.
Mövsümə uğurlu başlayan “Araz-Naxçıvan” 3 qələbə və 1 heç-heçə ilə turnir cədvəlində ön sıralarda qərarlaşıb. Elmar Baxşıyevin komandası arxada qalan turlarda “İmişli” ilə yanaşı ən maraqlı və mütəşəkkil oyun göstərən kollektiv kimi yadda qalıb. Komanda hələ ki, taktiki, fiziki və funksional hazırlıq baxımından yaxşı təsir bağışlayır. Bu baxımdan naxçıvanlıların son çempiona çətinlik yaşadacağı istisna deyil.
Ağdam təmsilçisi isə “Benfika” üzərində tarixi qələbədən sonra yüksək əhval-ruhiyyədədir. Lakin bu, “Qarabağ”ın əlyehinə də işləyə bilər. Ağdamlıların əsas oyunçusu və mərkəzin mühərriki rolunu oynayan Yankoviç də bu görüşdə olmayacaq. Çenrnoqoriyalı uzun müddətə sıradan çıxıb.
Statistikada “köhlən atlar”ın üstünlüyü nəzərə çarpır. Premyer Liqada iki komanda arasında son 6 oyunun 5-də “Qarabağ” qalib gəlib, 1 qarşılaşma isə heç-heçə ilə bitib. Bu dəfəki duel “Qarabağ” üçün çempionatda mövqeyini gücləndirmək, “Araz-Naxçıvan” üçün isə iddiasını təsdiqləmək baxımından xüsusi əhəmiyyət daşıyır.