Premyer Liqanın 26-cı turu “Araz-Naxçıvan”ın hücumçusu Felip Santos üçün əlamətdar olub. “Sabah”la səfər matçında (2:4) rəqib qapısına yol tapan braziliyalı forvard Azərbaycan çempionatlarında özünün yubiley qoluna imza atıb.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, bu qol Santosun Premyer Liqa karyerasında vurduğu 25-ci top olub. 27 yaşlı futbolçu bu göstəriciyə elitadakı 109-cu oyununda nail olub. Qeyd edək ki, “Araz-Naxçıvan”ın heyətində parlayan hücumçu daha əvvəl ölkəmizdə iki fərqli klubun da formasını geyinib:
“Şamaxı” 21 oyun 6 qol
“Qəbələ” 35 oyun 3 qol
“Araz-Naxçıvan” 53 oyun 16 qol
Bu uğuru ilə Felip Santos Azərbaycan çempionatları tarixində 25 qol səddini keçməyi bacaran 131-ci futbolçu kimi tarixə düşüb. O, vurduğu qolların sayı ilə Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramov kimi tanınmış simaların siyahısına qoşulub.