Ötən tur “Qarabağ”a böyük hesabla məğlub olan “Araz” bu dəfə Şamaxıda xal itirdi. Elmar Baxşıyevin komandası çətinliklə də olsa məğlubiyyətdən qaçaraq bir xalla evə, daha doğrusu Bakıya döndü. “Şamaxı” isə növbəti dəfə 3 xal qazana bilmədi. Millinin müvəqqəti baş məqşçisi Ayxan Abbasov bu oyunda daha çox legionerlərə güvənərək oyuna yaxşı başlamışdı. Hətta “Şamaxı” ilk yarıda 2 qol da vurdu. Meydan sahibləri 17-ci dəqiqədə də hesabı açdı. Lakin baş hakim Rəşad Əhmədov epizodu incələmək üçün 6 dəqiqə vaxt sərf etdi və qolu ofsayd səbəbi ilə ləğv edəsi oldu. Az sonra oxşar epizodda Rüfət Abbasov hesabı açdı. Bu dəfə də hakim VAR-a müraciət etdi, amma yekun qərar qol oldu.
İkinci hissədə qonaqlar oyunu xilas etməyə atıldılar. Sürət və yaradıcılıq baxımından yaxşı təsir bağışlamayan naxçıvanlılar 73-cü dəqiqədə Bolinin qolu ilə bir xala nail oldu.
Hələ ötən tur acı məğlubiyyətdən sonra Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyevin durumunun sual altında olması barədə söz-söhbətlər səsləndi. Maraqlıdır, bu oyundan sonra məşqçinin statusu necə olacaq? Bu heç-heçə ilə naxçıvanlılar liderlər qrupunu tərk etməli olacaq.
Premyer-Liqa, 6-cı tur
“Şamaxı” – “Araz-Naxçıvan” 1:1
“Şamaxı”: R.Fernandes, R.Abbasov, V.Veremeyev, A.Msanqa, O.Məmmədov, K.Rossi, R.Apolinario, D.Balau, S.Enrike, D.Santos, A.Şuaybu.
“Araz-Naxçıvan”: K.Avram, U.Abbasov, B.Həsənalızadə, V.Melo, F.Santos, Q.Qarayev, H.Keyta, Ş.Boli, P.Andrade, B.Franko, B.Simakala.
Qol: R. Abbasov, 28 – Ş. Boli, 73.

