Premyer-Liqa, 3-cü tur.
Konfrans Liqasında sürpriz qələbə ilə iddalı komanda anonsunu verən “Araz-Naxçıvan” heyətinə və oyununa görə mövsüm başlamamışdan çoxlarını təəccübləndirdi. Heyətə keyfiyyətli legionerləri cəlb etməyi bacaran naxçıvanlıların bu mövsüm kifayət qədər yüksək yerlər üçün oynayacaq komanda formalaşdırdığını söyləyənlərin sayı artmışdı. Təsadüfi deyil ki, oyundan əvvəl “Araz-Naxçıvan” favorit hesab olunurdu. Oyunun gedişi də bu proqnozların əbəs olmadığını göstərdi. “Qəbələ” erkən qol vuraraq hesabda irəli çıxsa da, meydan sahiblərinin tezliklə qol vuracaqları zaman məsələsi idi və belə də oldu. Ba Luanın qoluna “Araz-Naxçıvcan”ın iki fəal legioneri Simakala və Felipe Santos cavab verdi.
“Qəbələ”nin heyətində yalnız Ba Lua nə isə etməyə çalışır, amma meydanda sanki təkbaşına qalması təəsüratını yaradırdı. Digər futbolçulardan lazımi dəstək almayan Kot d’ İvuarlı futbolçu nəticədə mübarizələri uduzurdu.
İkinci hissə nisbətən sakit tempdə keçdi. Meydan sahibləri daha çox səhv etməkdən çəkindiyi halda, qonaqlar məğlubiyyətdən qaçmaq üçün ciddi heç nə edə bilmədilər. Beləliklə, “Araz-Naxçıvan” ikinci qələbəsini qazanaraq liderlər qrupunda möhkəmləndi.
“Araz-Naxçıvan” – “Qəbələ”
Qollar: Ba Lua, 9 (0:1). Simakala, 30 (1:1). Felipe Santos, 33 (2:1).